Çingiz Qənizadə: “ABŞ Dövlət Departamentinin qeyri-obyektiv yanaşması təəssüf doğurur“

MÜSAHİBƏ 18 apr 2022, 11:06
Müsahibimiz Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadədir.

Müsahibəni təqdim edirik:

– Çingiz müəllim, bu günlərdə ABŞ Dövlət Departamentinin rəsmi saytında 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatı yayılıb. Hüquq müdafiəçisi kimi, sizin də bu hesa­bata münasibətinizi bilmək maraqlı olardı.

– Özünü insan hüquq və azadlıq­larının müdafiəçisi kimi təqdim edən bir sıra təşkilatlar, o cümlədən, ABŞ Dövlət Departamenti hər il dünya ölkələrində insan hüquqlarının qorun­ması ilə əlaqədar hesabat yayır. Açıq etiraf edək ki, hər dəfə bu hesabatlarda ölkəmizə qarşı qərəz və böhtanlarla rastlaşırıq. Mən bunu dünyada baş alıb gedən ikili standartlar, islamofo­biya və Azərbaycanın getdikcə artan nüfuznun həzm edə bilinməməsi ilə əlaqələndirirəm. Təəccüblüdür ki, Ermənistan 30 ilə yaxın bir müddətdə torpaqlarımızın 20 faizini işğal altında saxladı,bir milyondan artıq soydaşımızı doğma ata-baba yurdundan didərgin saldı. Onların hüquqları kobud şəkildə pozuldu. Bu müddət ərzində işğalçı Ermənistan ordusu dinc soydaşları­mızı qətlə yetirdi, soyqırımı törətdilər, öz ölkələrində dinc əhalini gülləbaran etdilər. Bu faktların heç biri insan haqlarının pozuntusu kimi beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmadı.

ABŞ Dövlət Departamentinin 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesa­batında əvvəlki illərlə müqayisədə bu dəfə Ermənistan hissəsində bəzi faklar öz əksini tapıb. Məsələn, hesabatda 2020-ci ildə etnik erməni tərəfin bəzi azərbaycanlı əsirləri qanunsuz şəkildə qətlə yetirdiklərinə, işgəncə və ləyaqəti alçaldan rəftara məruz qoyduqları­na dair məlumatlar yer alıb. Belə bir faktın ABŞ Dövlət Departamentinin saytında yer alması nəyi ifadə edir? Ermənistanda hökumətin parlament qarşısında hesabatı zamanı baş nazir Nikol Paşinyan belə bir ifadə işlətdi ki, “artıq “Artsax”la bağlı bizə deyirlər ki, sizə kömək edə biməyəcəyik. Ona görə yox ki, biz sizə kömək etmək istəmirik, ona görə ki, biz artıq sizə kömək edə bilmirik”. Bu ifadənin Paşin­yanın dilindən səslənməsi və indi də ABŞ Dövlət Departamentinin saytın­da erməniləri ittiham edən faktların sadalanması onu göstərir ki, artıq Qərb Ermənistanın yalanlarına inanmır, bölgədəki reallıqları dərk edir, bölgədə sülhə xidmət edən Azərbaycanın möv­qeyini dəstəkləyir.

Bu baxımdan, əsirlərə və mülki şəxslərə qarşı törədilmiş işgəncələr, qətl hadisələri, kütləvi məzarlıqların tapılması, eyni zamanda, bu bölgələrdə azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması ilə bağlı faktların ABŞ Dövlət Departamentinin saytında olması artıq onu deyir ki, bu cür dövlətlər və indiyə qədər ATƏT-in Minsk qrupu həmsədrləri, Ermənistana dəstək verən digər qüvvələr artıq Ermənistanın yalanlarına inanmır və həqiqəti dərk etməyə və bunu öz saytlarında, bəyanatlarında qeyd etməyə razılaşıblar. Hesab edirəm ki, bunu, diplomatiyamızın uğuru kimi qiymətləndirmək olar.

– Hesabatda ölkəmiz haqqında yenə də qeyri-obyektiv məlumatlara rast gəlirik. Bunu necə izah edərdiniz?

– Son illər Azərbaycan – ABŞ münasibətləri, demək olar ki, yaxşı mənada, hər kəsi qane edir. Dün­yanın supergücünün Azərbaycanla əməkdaşlıqda maraqlı olması bu ölkənin dövlət rəsmiləri tərəfindən də etiraf olunur. Məsələn, ABŞ Preziden­ti Co Bayden dövlət başçımız İlham Əliyevə Novruz bayramı münasibətilə ünvanladığı təbrik məktubunda açıq şəkildə Ağ evin Azərbaycanla əməkdaşlıqda maralı olduğunu bildrmiş­di. Co Baydenin təbrik məktubu ABŞ-ın yeni administrasiyasının Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirilmək istəyini, iki ölkə arasında əlaqələrin stra­teji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəldiyini, dostluq və tərəfdaşlıq xarakteri daşıdığını nümayiş etdirir. Bunun fonunda Dövlət Depar­tamentinin ölkəmizdə insan haqları­nın müdafiəsinə verdiyi qiymət başa düşülən deyil. Bu hesabat əvvəlkilərdən bir o qədər də fərqlənmir. Görünür, hesabatı hazırlayanlar ölkəmizdəki real hadisləri dəqiqləşdirməyi bir kənara qoyaraq, ötən ilki “faktları” yenidən təkrarlamağa üstünük veriblər.

Gözləmək olardı ki, hesabatda Ermənistan haqqında daha kəskin fikirlər yer alacaq. Çünki Prezident İlham Əliyev beynəlxalq platfor­malardakı çıxışlarında Birinci Qa­rabağ müharibəsi zamanı erməni cinayətlərinə məruz qalmış 4 minə yaxın azərbaycanlının taleyinin məlum olmadığını diqqətə çatdırıb. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan qazıntılar zamanı kütləvi məzarlıqların aşkar olunması Ermənistanın nə qədər qəddar və əzazil dövlət olduğunu bir daha təsdiqləyir. Təəssüf ki, Ermənistan nə kütləvi məzarlıqların hansı ərazilərdə olduğu, nə də əsirlikdə qalan azərbaycanlıların taleyi haq­qında indiyədək heç bir məlumat vermir. Fakt odur ki, Birinci Qarabağ müharibəsindən sonra 4 minə ya­xın azərbaycanlının taleyi naməlum olaraq qalır. Özlərini insan hüquq və azadlıqlarının carçısı kimi təqdim edən beynəlxalq təşkilatların belə qəddarlığa göz yummaları təəssüf doğurur.

Beynəlxalq təşkilatlar, o cümlədən, ABŞ Dövlət Departamenti insan haqlarının müdafiəsi il əlaqədar hesabat hazırlayarkən unutmamalıdırlar ki, ölkəmiz insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində insan hüquqlarının təmini ilə bağlı əhəmiyyətli sənədlər, əfv sərəncamları və amnistiya aktları imzalanmışdır. Ümumilikdə, müstəqillik dövründə Azərbaycanda 67 əfv sərəncamı imzalanmış, 11 amnistiya aktı qəbul edilmişdir. Ölkə başçısı Prezident İlham Əliyev tərəfindən 35 əfv sərəncamı imzalanıb. Bu günə qədər həyata keçirilən 11 amnistiya aktı 117 min 770 şəxsə şamil edilib. Prezident İlham Əliyevin hakimiyyəti dövründə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə icra olunan 4 amnistiya aktı 40 min 412 nəfərə şamil olunub. Zəfər Günü münasibəti ilə qəbul edilən amnistiya aktı beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirildi. Bütün bunlardan sonra ABŞ Dövlət Departamentinin hesabatında ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin qeyri-obyektiv qiymətlndirilməsi təəssüf doğurur.(xalqqazeti.com)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top