"2026-cı il noyabrın 25-i Azərbaycan futbol tarixinə xüsusi günlərdən biri kimi düşdü. Çünki "Barselona"nın oyununu Bakıda izləmək imkanımız oldu. Bu klubu xüsusi vurğulamağım təsadüfi deyil. "Barselona" təkcə Avropanın deyil, dünyanın ən məşhur və titullu futbol klublarından biridir".
Bu fikirləri Demokrat.az-a açıqlamasında futbol şərhçisi Mehman Süleymanov deyib.
Onun sözlərinə görə, klublarımızın 32 ildir avrokuboklarda çıxış etdiyi dövrdə bu qədər titula sahib komanda ölkəmizə gəlməmişdi:
"Çempionlar Kubokunu da nəzərə alsaq, Avropanın ən nüfuzlu klub turnirinin beşqat qalibi olan komanda paytaxtımızda meydana çıxdı və Çempionlar Liqasının liqa mərhələsinin beşinci turu çərçivəsində "Sabah"ın qonağı oldu. Əlbəttə, ilk növbədə "Barselona"nın heyəti maraq doğururdu. Komandanın əsas ulduzlarından biri olan Lamin Yamalın Bakıya gəlməməsi azarkeşlərdə müəyyən təəssüf hissi yaratdı. Çünki onun çoxsaylı fanatları var idi. Bununla belə, Bakı Olimpiya Stadionunda anşlaq yaşandı, tribunaların böyük hissəsi doldu. Yamal meydana çıxmasa da, "Barselona" adının özü azarkeşləri stadiona cəlb etmək üçün kifayət idi. Belə nəhəng komandanın iştirakı ilə əsl futbol bayramı ab-havası hökm sürürdü. Hava soyuq olsa da, meydandakı mübarizənin hərarəti insanları qızdırırdı.
"Barselona" öz səviyyəsini göstərdi. Bununla belə, bizim üçün ən vacib və sevindirici məqam Azərbaycan çempionu "Sabah"ın belə güclü rəqib qarşısında qorxmaması, çəkinməməsi və öz oyununu nümayiş etdirməsi idi. Komandanın qol imkanları, hətta tirə tuş gələn zərbələri də oldu. Yəni ilk qolumuzu vurana qədər belə rəqibin qapısı qarşısında təhlükəli vəziyyətlər yarada bildik və "Barselona"nı oyuna mərkəzdən başlamağa məcbur etdik. Lakin rəqibin güclü pressinqi və futbolçularının yüksək ustalıq səviyyəsi qarşısında uzun müddət müqavimət göstərmək mümkün deyildi. Mövcud reallığı nəzərə alsaq, bu, gözlənilən idi. "Barselona" fasiləyə qədər qolunu vurdu. Oyunun əsas qırılma nöqtəsi isə ikinci hissənin başlanğıcında buraxdığımız qol və qısa müddət ərzində ardıcıl olaraq daha iki top buraxmağımız oldu. Bundan sonra böyük hesablı məğlubiyyət qaçılmaz görünürdü. Nəticədə "Sabah" rəqibinə 1:4 hesabı ilə məğlub oldu. Ümumilikdə, futbolçularımız pis təsir bağışlamadılar. Bu, qapıçı mövqeyi ilə bağlıdır. Hesab edirəm ki, komandamızın kapitanı olan Stas Pokatilov nə qədər təcrübəli qapıçı olsa da, burada rəqabət məsələsi ciddi şəkildə gündəmə gəlir. Onun Qazaxıstan millisinin üzvü olması və təcrübəsi bu fikrimi dəyişmir. Çünki komandada olan digər iki qapıçı gənc və yerli futbolçulardır. Aydın məsələdir ki, Çempionlar Liqası kimi turnirdə fors-major hal baş verməsə, onlara şans verilməsi gözlənilmir. Nəticədə qapıçı mövqeyində rəqabətsizlik hiss olunur.
Buraxılan qolları təhlil etdikdə görürük ki, üç epizodda qapıçının qaytardığı topları rəqib futbolçular təkrar zərbələrlə tora göndərdilər. Məncə, bu məqam diqqətdən kənarda qalmamalıdır. Stas Pokatilovun Çempionlar Liqasının liqa mərhələsinə gedən yolda, yəni təsnifat mərhələsində də inamsız çıxış etdiyi oyunlar olub. Demək istəmirəm ki, "Sabah" məhz Pokatilovun oyununa görə uduzdu. Onsuz da "Barselona"nın bu qarşılaşmada qalib gəlməsi gözlənilən idi. Pokatilovun oynayıb-oynamamasından asılı olmayaraq, rəqibin üstünlüyü aydın görünürdü. Sadəcə, bu oyun bir daha göstərdi ki, "Sabah"a daha bir güclü qapıçı lazımdır. Ən azı qapıçı mövqeyində sağlam rəqabət yaranmalıdır. Digər tərəfdən, "Barselona"nın demək olar ki, bütün ulduz futbolçularını meydanda gördük. Hətta komandanın əsas kapitanı Rafinya da sonradan meydana çıxdı. Düzdür, o, fərqlənə bilmədi. Sonda mütləq Entoni Qordonu xüsusi qeyd etməliyik. Bildiyiniz kimi, İngiltərə millisinin hücumçusu bu il "Nyukasl"ın heyətində Bakıya gəlmiş və "Qarabağ"la Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada pokerə imza atmışdı. Həmin oyunda "Nyukasl" təmsilçimizə 6:1 hesabı ilə qalib gəlmişdi. Bu dəfə isə Qordon "Barselona"nın heyətində dubl etdi. Beləliklə, bir il ərzində bu futbolçu Azərbaycan klublarının qapısına ümumilikdə altı qol vurdu. Göründüyü kimi, Entoni Qordon Azərbaycan çempionları üçün əsl kabusa çevrilib və bu statusunu qorumaqda davam edir".
Xatırladaq ki, dünən Bakı Olimpiya Stadionunda keçirilən "Sabah" – "Barselona" qarşılaşması qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.



