Heyvandarlıq və quşçuluq müəssisələrində peyinin toplanması, təmizlənməsi və daşınması üçün xüsusi sistemlər nəzərdə tutulmalıdır. Peyin tərkibli çirkab sularının kənarlaşdırılması, kanalların ölçüləri və döşəmələrin mailliyi ilə bağlı da konkret tələblər müəyyən edilib.
Demokrat.az Trend-ə istinadən xəbər verir ki, heyvandarlıq və quşçuluq binalarında döşəmə, nov və kanalların mailliyi baytarlıq-sanitariya normaları nəzərə alınmaqla layihələndirilməlidir.
Qəfəslərdə quşların saxlanıldığı yerlərin döşəmələrində və bütün otaqlarda keçidlər boyunca novların mailliyi ən azı 0,005, heyvandarlıq sahələrinin texnoloji elementlərində, o cümlədən burdaq, boks, tövlə bölməsi və bloklarda, eləcə də eninə keçidlərdə isə ən azı 0,015 olmalıdır.
Peyinin mexaniki təmizlənməsi üçün kanallar necə qurulmalıdır?
Peyinin mexanizmlərlə kənarlaşdırılması nəzərdə tutulan barmaqlıqlı döşəmələr və kanallar mailliksiz layihələndirilməlidir. Kombinə edilmiş döşəməli qəfəs qruplarında isə barmaqlıqla örtülən peyin kanalına doğru bütöv döşəmənin mailliyi peyin-yemləmə meydançasında 0,08-0,09, yuva və yataqlarda isə 0,06 olmalıdır.
Peyinin mexaniki üsulla təmizlənməsi zamanı uzununa kanalların eni və dərinliyi istifadə ediləcək texnikanın ölçülərinə uyğun seçilməlidir. Bu göstəricilər müvafiq olaraq 300 millimetr və 400 millimetrdən az olmamalıdır.
Peyinin kənarlaşdırılması üçün uzununa və eninə kanallarda şnekli sistemlərdən istifadə edilə bilər. Uzununa kanalın həcmi isə peyinin iki sutkalıq miqdarının toplanması nəzərə alınmaqla hesablanmalıdır.
Peyin tərkibli çirkab suları necə toplanacaq?
Heyvan və quşların saxlanıldığı binalarda peyinin təmizlənməsi və döşəmələrin yuyulması nəticəsində yaranan peyin tərkibli çirkab sularının toplanması və kənarlaşdırılması üçün xüsusi qurğular layihələndirilməlidir. Bu qurğuların hazırlanması müvafiq sanitariya və tikinti tələblərinə uyğun aparılmalıdır.
Ənənəvi, azsulu və mexaniki təmizləmə texnologiyalarından istifadə edilən heyvandarlıq sahələrində lokal daxili kanalizasiya sisteminin qurulmamasına icazə verilir. Bu istisna əsas istehsalat tullantılarının maye deyil, bərk və ya yarımbərk peyin kütləsi olduğu və onların mexaniki üsulla kənarlaşdırıldığı hallara aiddir.
Peyinin toplanması və kənarlaşdırılması sistemi heyvan və quşların saxlanıldığı otaqların, keçidlərin və hasarların təmizliyini təmin etməlidir. Sistem rahat istismar olunmalı, ona xidmət, təmir və sanitariya-profilaktik təmizlik minimal xərclə həyata keçirilməlidir.
Peyinin heyvandarlıq sahələrindən kənarlaşdırılması və daşınması mexaniki və ya hidravlik üsullarla həyata keçirilə bilər.
Peyin kanallarında havalandırma da nəzərdə tutulacaq
İri buynuzlu heyvanlar barmaqlıqlı döşəmələrdə saxlanıldıqda və döşəmənin altında peyin yığılması üçün zirzəmi olduqda əlavə havalandırma tədbiri görülməlidir. Zirzəmidən və peyin kanallarından hava çəkən qurğunun gücü minimal hava mübadiləsi üçün tələb olunan hava həcminin azı 30 faizini sorub çıxara bilməlidir.
Peyin və gübrə ətraf mühiti çirkləndirməməlidir
Heyvandarlıq və quşçuluq binaları layihələndirilərkən peyinin, gübrənin və onların tərkibində olan çirkab sularının ətraf mühiti və qrunt sularını çirkləndirməsinin qarşısı alınmalıdır.
Bu tullantıların kənd təsərrüfatı torpaqlarında istifadəsi və ya üzvi gübrə istehsalına yönəldilməsi də layihələndirmə zamanı nəzərə alınmalıdır.
Binalarda suvatlar, döşəmələrin yuyulması üçün kran və xüsusi qurğular quraşdırılmalıdır. Quşçuluq müəssisələrində döşənək və peyin maşınla təmizlənərkən suvarıcı qurğuların səviyyəsinin dəyişdirilməsi və ya sökülməsi tələb olunarsa, həmin qurğular daxili su kəməri və kanalizasiya sisteminə çevik borularla birləşdirilməlidir.
Heyvan və quşların gəzinti sahələrindəki suvatlara su boruları çəkilməlidir. Lakin boruların peyinlə təmasda mexaniki təsirlərə məruz qala biləcəyi, peyinin təmizlənməsinə və yemin daşınmasına mane olacağı, eləcə də heyvanların keçidlərində yerləşdirilməsinə icazə verilmir.



