YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət Özəl

Töhmət alan işçinin aqibəti necə olur?

Töhmət alan işçinin aqibəti necə olur?

İş yerlərində işçilərə müxtəlif səbəblərdən töhmət verilməsi halları ilə rastlaşılır. Bu intizam tənbehinin əməkdaşın gələcək karyerasına və iş imkanlarına təsiri isə suallar yaradır.

Töhmət alan işçinin gələcəkdə başqa işə qəbul olunmasına maneə yarana bilərmi? Töhmət nə qədər müddət qüvvədə qalır və işçi bu qərardan hansı hallarda şikayət edə bilər?

Demokrat.az-a bu barədə danışan Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov bildirib ki, işçilərə tətbiq edilən intizam tənbehi tədbirlərinə töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət və əmək müqaviləsinə xitam verilməsi daxildir.

Töhmət alan işçinin aqibəti necə olur?

Onun sözlərinə görə, kollektiv müqavilədə nəzərdə tutulduğu təqdirdə, əməkhaqqının 25 faizə qədər azaldılması da intizam tənbehi tədbiri kimi tətbiq oluna bilər:

"Sovet dövründə bu cür hallar əmək kitabçalarında qeyd olunurdu. İndi isə belə bir praktika yoxdur, ümumiyyətlə, əmək kitabçası dövriyyədən çıxarılıb. İşçi başqa iş yerinə müraciət edərkən əvvəlki iş yerindən aldığı xarakteristikada onun barəsində intizam tənbehinin tətbiq edildiyi qeyd oluna bilər. Lakin bu, adətən, baş vermir.

Bəzən işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, əmək funksiyasını yerinə yetirməməsi səbəbindən əmək müqaviləsinə xitam verilməsi halı sonrakı işəgötürən tərəfindən nəzərə alına bilər. Məhz buna görə də bir çox hallarda işçilərə əmək müqaviləsinə öz ərizələri əsasında xitam vermələri təklif olunur. Bu da statistikada öz xahişi ilə əmək müqaviləsinə xitam verənlərin sayının kifayət qədər yüksək olmasının səbəblərindən biridir.

Ümumiyyətlə, işçinin əmək intizamı qaydalarına əməl etməsi və əmək funksiyalarını düzgün yerinə yetirməsi vacib şərtdir. Əgər işçi bu qaydalara əməl etmirsə, başqa iş yerində də eyni pozuntulara yol verə bilər. Hətta yeni işəgötürən əvvəlki intizam pozuntularını nəzərə almasa belə, həmin davranışın təkrarlanması mümkündür".

Beləliklə, müasir əmək münasibətlərində töhmət sənəd üzərində yeni işə qəbul üçün birbaşa maneə yaratmasa da, əmək müqaviləsinə maddə ilə xitam verilməsi gələcək karyeraya təsir göstərə bilər.