Turizm sahəsində fəaliyyət göstərən "Travel Baku" şirkəti əmək qanunvericiliyinin tələblərini pozduğuna görə cərimələnib.
Demokrat.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.
Buna qrafik dizayner İmran Haqverdiyevin şikayəti səbəb olub. O, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edildiyini bildirib.
Aparılan araşdırma zamanı şikayətdə göstərilən fakt təsdiqini tapıb. Nəticədə "Travel Baku" şirkəti 20 min manat, şirkətin direktoru isə 3 min manat məbləğində cərimələnib.
Qeyd edək ki, "Travel Baku" şirkətinin direktoru Sona Məmmədovadır. (xitab24.az)



