YapiKredi Müraciət Forması
Mazda CX-5
Sağlamlıq Özəl

Anoreksiyanın yaranmasına səbəb olan beş mərhələ

Anoreksiyanın yaranmasına səbəb olan beş mərhələ

Arıqlamaq istəyi bəzi hallarda ciddi qidalanma pozuntusuna, o cümlədən anoreksiyaya çevrilə bilər. Bu prosesin beş əsas mərhələdən keçdiyi bildirilir.

Demokrat.az xəbər verir ki, bu barədə psixologiya üzrə fəlsəfə doktoru Yelena Şpagina "Gazeta.Ru"ya açıqlamasında danışıb.

Mütəxəssisin sözlərinə görə, proses ilk növbədə cəmiyyətdə, reklam və sosial şəbəkələrdə arıq bədən quruluşunun ideal kimi təqdim edilməsi ilə başlayır. İnsan bu standartlarla özünü müqayisə edir, xarici görünüşündən narazılıq, utanc və narahatlıq hiss etməyə başlayır.

Növbəti mərhələdə həmin narazılıq bədəni dəyişdirmək istəyinə çevrilir. İnsan pəhriz saxlayır, qida qəbulunu məhdudlaşdırır və çəkisini daim nəzarətdə tutmağa çalışır. İlk vaxtlar bu davranış ona müəyyən uğur və özünə nəzarət hissi versə də, zaman keçdikcə qidalanmaya münasibət dəyişir.

Şpagina qeyd edib ki, aclıq və qida məhdudiyyətləri yemək və çəki ilə bağlı narahatlığı daha da gücləndirir. Nəticədə insan üçün yeməkdən imtina etmək getdikcə avtomatik davranışa çevrilə bilər.

Psixoloq vurğulayıb ki, anoreksiyanın yaranmasında təkcə xarici görünüşlə bağlı narazılıq rol oynamır. Uşaqlıq dövründə yaşanan travmalar, təhqir, emosional zorakılıq və digər mənfi təcrübələr də xəstəliyə meyilliliyi artıra bilər.

Onun fikrincə, mükəmməllikçilik, sərt düşüncə tərzi və səhv etmək qorxusu da risk amilləri sırasındadır. Belə insanlar arıq olmağı şəxsi dəyərin, cəlbediciliyin və uğurun əsas göstəricisi kimi qəbul edə bilirlər.

Mütəxəssis bildirib ki, müasir elm anoreksiyaya genetik, neyrobioloji, psixoloji və sosial amillərin qarşılıqlı təsiri nəticəsində yaranan mürəkkəb pozuntu kimi yanaşır. Bu səbəbdən problemə yalnız pəhriz və çəki məsələsi kimi baxmaq düzgün deyil.