YapiKredi Müraciət Forması
Mazda CX-5
Özəl Avto

"Utilizasiya fondunun ləğvinin avtomobil sahiblərinə aidiyyəti yoxdur"

Utilizasiya fondunun ləğvinin avtomobil sahiblərinə aidiyyəti yoxdur

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondunun ləğvi və proqramın dövlət büdcəsi hesabına maliyyələşdirilməsi təklif olunur, bu dəyişiklik isə köhnə avtomobillərin utilizasiyası prosesinin gələcəyini və vətəndaşlara verilən güzəştləri yenidən gündəmə gətirir.

Maraqlıdır, fondun ləğvi utilizasiya proqramının gedişinə necə təsir göstərəcək? Dövlət büdcəsi hesabına maliyyələşmə avtomobilini utilizasiyaya verən vətəndaşların əldə etdiyi güzəştlərdə və birdəfəlik ödənişlərdə dəyişiklik yaradacaqmı? Ümumiyyətlə, bu qərar Azərbaycanda köhnə avtomobillərin yenilənməsi prosesinə necə təsir edəcək?

Demokrat.az-a bu barədə açıqlama verən nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, nəqliyyat vasitələrinin utilizasiyası fondunun ləğvi ilə bağlı yanlış fikirlər yayılmaqdadır.

Utilizasiya fondunun ləğvinin avtomobil sahiblərinə aidiyyəti yoxdur

Onun sözlərinə görə, bu fondun ləğvi texniki xarakterli işdir və sadəcə olaraq nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı maliyyə məsələlərinin idarə edilməsinə aiddir:

"Bunun avtomobil sahiblərinə, onların utilizasiya ilə bağlı hüquq və öhdəliklərinə heç bir aidiyyəti yoxdur. Yəni utilizasiya haqqı əvvəlki qaydada qalır. Eyni zamanda, utilizasiyaya təqdim edilən avtomobilə görə verilən güzəştin məbləğində, eləcə də güzəşt əvəzinə nəzərdə tutulan birdəfəlik ödənişin həcmində heç bir dəyişiklik edilmir. Avtomobil sahiblərinin bu istiqamətdə mövcud olan hüquqları və öhdəlikləri olduğu kimi saxlanılır.

Sadəcə, edilən dəyişiklikdən sonra utilizasiya ilə bağlı ödənişlər əvvəlki kimi xüsusi fonda deyil, birbaşa dövlət büdcəsinə köçürüləcək. Eyni zamanda, utilizasiyaya görə nəzərdə tutulan güzəştlər və birdəfəlik kompensasiyalar da həmin fondun vəsaiti hesabına deyil, dövlət büdcəsindən maliyyələşdiriləcək. Başqa sözlə, burada söhbət utilizasiya mexanizminin və ya avtomobil sahiblərinə tətbiq edilən qaydaların dəyişdirilməsindən yox, maliyyə vəsaitlərinin idarə olunması və istiqamətləndirilməsi qaydasının dəyişməsindən gedir.

Ümumiyyətlə, bu dəyişiklik dövlət büdcəsinin strukturunun sadələşdirilməsi məqsədilə çoxsaylı qanunvericilik aktlarına edilən dəyişikliklər paketinin bir hissəsidir. Dəyişikliklərin ümumi məzmunundan belə anlaşılır ki, məqsədli büdcə fondlarının ləğvi və həmin fondlarda toplanan vəsaitlərin birbaşa dövlət büdcəsinə yönəldilməsi nəzərdə tutulur. Bu baxımdan, Nəqliyyat vasitələrinin utilizasiyası fondunun ləğvini ayrıca bir qərar kimi deyil, dövlət maliyyə sistemində aparılan ümumi struktur dəyişikliklərinin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır".