Son illər dünyada elektromobillərə maraq artsa da, Azərbaycanda bu avtomobillərin geniş yayılması hələ də məhdud olaraq qalır. Qiymət, enerji doldurma məntəqələrinin əlçatanlığı, batareyanın istismar müddəti və texniki xidmətlə bağlı suallar alıcıların seçimlərinə təsir edən amillər sırasındadır.
Azərbaycanda elektromobillərin populyarlığının aşağı olmasının əsas səbəbləri nələrdir və bu avtomobillərə marağı artırmaq üçün hansı addımlar atılmalıdır?
Nəqliyyat eksperti Razil Nağıyev Demokrat.az-a açıqlamasında bildirib ki, elektromobillərin Azərbaycanda geniş yayılmasını ilk növbədə alış qiymətinin yüksək olması və vergi güzəştlərinin dəyişməsi çətinləşdirir. Onun sözlərinə görə, elektrik və müəyyən hibrid avtomobillər üçün ƏDV güzəştləri 2025-ci ilin sonunda başa çatıb:

"2026-cı ilin ilk doqquz ayında ölkəyə 680 elektrik avtomobili idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56,4 faiz azdır. Digər mühüm amil şarj imkanlarıdır. Məntəqələrin sayı ilə yanaşı, onların işləkliyi, yerləşməsi, ödəniş rahatlığı və magistral yollarda əlçatanlığı da vacibdir. Batareyanın vəziyyətini yoxlamaq, onun dəyişdirilmə xərcini və avtomobilin gələcək satış qiymətini əvvəlcədən bilmək çətin olduğundan alıcılar riskdən çəkinirlər. İxtisaslı servis və ehtiyat hissələrinin əlçatanlığı ilə bağlı narahatlıqlar, eləcə də evdə şarj imkanı olmayan və uzun məsafə qət edən sürücülər üçün yaranan çətinliklər də elektromobil seçiminə təsir edir. Marağı artırmaq üçün vergi güzəştləri sabit və əvvəlcədən proqnozlaşdırıla bilən olmalıdır. Güzəştlərin qəfil tətbiqi və ləğvi əvəzinə, bir neçə illik dəstək proqramı yaradılmalı, daha əlçatan qiymətə təklif olunan modellər üçün aşağı faizli kreditlər nəzərdən keçirilməlidir. Şarj şəbəkəsi yaşayış binalarında, iş yerlərində, ticarət mərkəzlərində və magistral yollar boyunca genişləndirilməli, məntəqələrin işləkliyi, vahid xəritədə göstərilməsi və ödəniş rahatlığı təmin olunmalıdır. Bu istiqamətdə 2024-cü ildə imzalanmış Prezident sərəncamında müvafiq tədbirlər nəzərdə tutulub".
Ekspert qeyd edib ki, ikinci əl elektromobillərə inam yaratmaq üçün batareyanın vəziyyətini qiymətləndirən standart yoxlama və sertifikatlaşdırma sistemi qurulmalı, zəmanətin yeni sahibə keçməsi təmin edilməlidir:
"Taksi, çatdırılma və dövlət avtomobil parklarının elektrikləşdirilməsi də bu texnologiyanın qənaət üstünlüklərini real şəraitdə göstərə və gələcəkdə ikinci əl elektromobillərin bazarda təklifini artıra bilər. Alıcılara isə yalnız alış qiyməti deyil, şarj, texniki xidmət, sığorta və təkrar satış xərcləri birlikdə izah olunmalıdır. Yaxın müddətdə hibrid avtomobillər daha praktik keçid seçimi olaraq qalacaq. Tam elektrik avtomobillərinin Azərbaycanda daha geniş yayılması isə sabit vergi siyasətindən, əlçatan şarj infrastrukturundan, etibarlı servisdən və batareya barədə aydın məlumatların mövcudluğundan asılı olacaq".


