"Azərbaycanın dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq mərkəzi, dinlərarası əməkdaşlıq məkanı kimi qəbul olunması, heç şübhəsiz ki, Prezident İlham Əliyevin uğurlu və müdrik dövlətçilik siyasətinin məntiqi nəticəsidir".
Demokrat.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Dinlərarası dialoq: ortaq gələcək üçün yol xəritəsi" adlı plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müstəqil Azərbaycan bu gün milli-mənəvi dəyərlərə söykənən, ümumbəşəri dəyərlərə hörmət göstərən və mədəniyyətlərarası dialoqu təşviq edən dövlətdir:
"Azərbaycan Prezidenti, möhtərəm İlham Əliyevin ölkəmizdə milli-mənəvi inkişafın təmin olunmasına, ümumbəşəri dəyərlərə göstərdiyi diqqət və himayəyə bütün dünya şahiddir. İşğaldan azad etdiyimiz torpaqlarda dövlətimiz məscidlərlə yanaşı, pravoslav və digər xristian dini abidələrini də bərpa edir. Bu, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, dini müxtəlifliyə və multikulturalizm ənənələrinə göstərilən diqqətin, ölkəmizi sülh və birgəyaşayış məkanına çevirən güclü dövlət siyasətinin nəticəsidir. Bakı şəhərinin qədim tarixi dövlətimizin sivilizasiyalararası dialoqun inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətə dini-mənəvi baxımdan mühüm dəstək verir. Azərbaycan bütün beynəlxalq platformalarda yaxından iştirak edir. Bugünkü forumun təşkilatçılarından biri olan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığımız da bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövlətinin mədəniyyətlər və dinlərarası dialoqa, əməkdaşlığa verdiyi dəstəyə görə BMT baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi, İslamofobiya ilə mübarizə üzrə xüsusi elçi Migel Anxel Moratinosa dərin minnətdarlığımızı bildiririk. Dünyanın aparıcı dini mərkəzlərindən biri olan Vatikanla qarşılıqlı əlaqələrimizin tarixində bu il Papa XIV Leo ilə görüşümüz mühüm hadisə oldu. Dini mərkəzlərimiz arasında əməkdaşlıq daha da inkişaf etdirilir. Bakı ilə Roma arasında mövcud olan qardaşlıq münasibətləri artıq ənənəyə çevrilib. Müxtəlif qlobal platformalarda, sammitlər ərəfəsində keçirilən dinlərarası forumlarda, dünya və ənənəvi din liderlərinin qurultaylarında, dini qurumların beynəlxalq toplantılarında və digər mötəbər tədbirlərdə mədəniyyətlərarası dialoqun ayrılmaz tərkib hissəsi olan dinlərarası dialoq və əməkdaşlığın inkişafına töhfə veririk".
Allahşükür Paşazadə qeyd edib ki, dinlərarası dialoq və qarşılıqlı anlaşma mexanizmi kimi Azərbaycanın unikal təcrübəsi beynəlxalq səviyyədə də qəbul olunur:
"Əl-Əzhər şeyxi, böyük imam Əhməd Ət-Tayyibin rəhbərlik etdiyi Müsəlman Ağsaqqalları Şurasının tədbirlərində Azərbaycanın mədəniyyətlərarası anlaşma modeli nümunə kimi qəbul edilir və beynəlxalq müstəvidə tətbiq olunur. Forum iştirakçılarına bir müjdəni də vermək istərdim. Dini liderlərin III Dünya Sammitinə ev sahibliyi edəcək Azərbaycan gələn il ölkəmizin İslam mədəniyyəti təşkilatlarına sədrliyi çərçivəsində Müsəlman Ağsaqqalları Şurası ilə birgə dini liderlərin zirvə görüşünü keçirməyi nəzərdə tutur. Azərbaycan dinlər və mədəniyyətlərarası əməkdaşlıq prosesində mühüm rol oynayır. Bugünkü forumun təşəbbüskarı olan ölkəmiz insan qardaşlığı, sülh və barışıq ideyalarının təşviqinə öz töhfəsini verir. Prezident İlham Əliyevin bəşəri ideya və təşəbbüsləri sayəsində Azərbaycan mədəniyyətlərarası və dinlərarası əməkdaşlıq prosesinin fəal iştirakçısına çevrilib. Bu nailiyyətlərin əsasını dövlətimizin daxili monolitliyi, xalq-dövlət birliyi, dinlərarası harmoniya, mədəniyyətlərarası anlaşma, milli dəyərlərə bağlılıq və ümumbəşəri dəyərlərə ehtiram təşkil edir. Bölgədə sülhün təmin olunması istiqamətində atılan addımlarla yanaşı, erməni dairələrinin, erməni diasporunun və onların havadarlarının davam edən nifrət çağırışlarına, təxribatlarına və təhriflərinə qarşı mübarizə aparmalıyıq. Dövlətimizin nailiyyətlərinə, müstəqil siyasətimizə və mənəvi dəyərlərimizə qarşı ölkə hüdudlarından kənarda səsləndirilən əsassız iddialara layiqincə cavab verməyə qadirik və buna hazırıq. Ölkəmizdəki xeyirxah qüvvələr qarşılarına çıxan hər hansı təxribatlara və ideoloji təhriflərə qarşı ayıq-sayıq olmalıdırlar. Azərbaycan dindarları ölkəmizin uğurlarını, o cümlədən mədəni, mənəvi və dini sahələrdə əldə olunan nailiyyətləri dəstəkləyir və dövlətimizin bu istiqamətdə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirirlər".


