Sumqayıt şəhərində borc üstündə yaranan mübahisə dava ilə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhərində, Mehdi Hüseynzadə adına stadionun yaxınlığında baş verib.
1981-ci il təvəllüdlü Kənan orada əvvəllər tanıdığı Zəlimxanla (adlar şərtidir – red.) mübahisə edib. Şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Kənan yumruq və təpiklə Zəlimxanı vuraraq ona xəsarət yetirib.
Faktla bağlı Kənan barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Kənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində zərərçəkmiş şəxsin ondan borc pul aldığını, lakin geri qaytarmadığını bildirib. Onun sözlərinə görə, Mehdi Hüseynzadə adına stadionun yanında Zəlimxanla görüşüblər və həmin vaxt əsəblərini cilovlaya bilməyərək ona əl qaldırıb.
Kənan qeyd edib ki, Zəlimxanla çoxdan tanış olsalar da, dost olmayıblar. Onun sözlərinə görə, zərərçəkmiş şəxs ondan 100 manat borc alıb.
"Mən də əsəbiləşərək yumruq atdım. Zərərçəkmiş şəxsin baş nahiyəsinə yumruqla, ayaq nahiyəsinə isə təpiklə vurdum".
İş üzrə zərərçəkmiş Zəlimxan ifadəsində Kənanı çoxdan tanıdığını və ondan xeyli əvvəl təxminən 70-100 manat borc aldığını bildirib. Onun sözlərinə görə, hadisə günü stadionun yanında görüşüblər və Kənan borcunu qaytarmasını tələb edib.
"Mən isə işləmədiyimi və maddi imkanımın olmadığını dedim. Buna görə borcunu qaytara bilməyəcəyimi bildirdim. Kənan bu zaman baş nahiyəmə və ayağıma vurdu".
Zərərçəkmiş ifadəsinin sonunda Kənanla barışdığını, barışması üçün ona hər hansı təsir və ya təzyiq göstərilmədiyini, Kənana qarşı şikayət və tələbinin olmadığını bildirib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


