YapiKredi Müraciət Forması
Kriminal Özəl

40 manata görə məhkəməyə düşdülər

40 manata görə məhkəməyə düşdülər

Sumqayıt şəhərində 58 yaşlı kişi tanışına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsi ərazisində baş verib.

Kürdəmir rayon sakini, 1968-ci il təvəllüdlü Elşən həmin qəsəbədə yerləşən "Vüsal" marketin yaxınlığında əvvəllər tanıdığı Zahidlə (adlar şərtidir – red.) mübahisə edib. Zahidin təşəbbüsü ilə başlayan mübahisə zamanı Elşən onun sifət nahiyəsinə iki dəfə yumruq zərbəsi endirərək xəsarət yetirib.

Elşən barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Zahidi təxminən 5-6 ildir tanıdığını bildirib. Onun sözlərinə görə, əvvəllər Sumqayıt şəhərində bir neçə tikinti obyektində birlikdə fəhlə işləyiblər.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü saat 22:00 radələrində işdən yaşadığı ünvana qayıdarkən İnşaatçılar qəsəbəsində yerləşən "Vüsal" marketin yaxınlığında Zahidi görüb və onunla söhbət etməyə başlayıb.

"Söhbət zamanı 2024-cü ilin mart ayında 80 manata satdığım velosipedə görə Zahiddən borclu qaldığı 40 manatı tələb etdim. O da hazırda maddi imkanının olmadığını, imkanı olanda mənə olan borcunu ödəyəcəyini bildirdi. Uzun müddətdir onu görmədiyimi, buna görə də pulumu indi istədiyimi dedim. O, yenə də imkanı olmadığını bildirdi və ünvanıma nalayiq ifadələr işlətdi. Buna görə əsəbiləşərək yumruqla onun baş nahiyəsinə iki dəfə zərbə vurdum və sonra oradan getdim".

İş üzrə zərərçəkmiş Zahid də təqsirləndirilən şəxsin ifadəsinə uyğun ifadə verib. O, ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, sonuncunun ona dəymiş ziyanı ödədiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Editor
Redaktor