YapiKredi Müraciət Forması
Kriminal Özəl

"Ərim ona toyuq bişirmədiyim üçün məni döydü"

Ərim ona toyuq bişirmədiyim üçün məni döydü

Sumqayıt şəhərində 38 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Şəki rayon sakini, 1988-ci il təvəllüdlü Vahid ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Tamaranı (adlar şərtidir – red.) döyərək ona xəsarətlər yetirib.

Vahid barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Vahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Tamara ilə 11 ildir ailəli olduğunu bildirib. Onun sözlərinə görə, hadisə günü saat 23 radələrində işdən evə gəldikdə Tamara ona yemək hazırlayıb, sonra yataq otağında əyləşərək kiminləsə telefonla danışıb.

"Bunu süfrəyə və şəxsən özümə hörmətsizlik kimi qəbul etdim, onu süfrəyə çağırdım. Lakin Tamara kobudluq edərək üstümə çığırdı. Buna görə də əlimlə onun başına iki dəfə zərbə vurdum. O, çarpayının üzərinə yıxıldı".

Zərərçəkmiş Tamara ifadəsində 2015-ci ildə Vahidlə ailə qurduğunu, lakin övladlarının olmadığını bildirib.

"Məlum hadisə günü Vahid evə gəldi. Məndən makaron bişirməyimi, onun üçün acika hazırlamağımı istədi. Dediklərini hazırladıqdan sonra mənimlə mübahisə edərək niyə toyuq bişirmədiyimi soruşdu. Buna görə aramızda mübahisə yarandı. Əsəbiləşərək ona cavab qaytardım və yataq otağına keçdim. Vahid yataq otağına gəldi və yumruqla başımın ortasına iki dəfə zərbə vurdu. Onun zərbələrindən yerə yıxıldım. Buna görə də "102" xidmətinə zəng edərək şikayət etdim".

İş materiallarından məlum olur ki, Sumqayıt Şəhər Məhkəməsində bu cinayət işi üzrə araşdırma aparıldığı dövrdə Vahid Göyçay rayonunda daha ağır cinayət törədib. O, qəsdən adam öldürməkdə ittiham olunub və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Vahid Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və ona 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxsə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən cəzaçəkmə müddətində hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı evi tərk etmək, Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmaq qadağan olunub.

Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb.

Həmçinin təqsirləndirilən şəxsin üzərinə məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. Bu məhdudiyyətlər onun müalicə ilə əlaqədar xəstəxanada olduğu hallara şamil edilməyib.

Hökmdə qeyd olunub ki, Göyçay Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi hazırkı hökmdə nəzərə alınıb.

Qanunvericiliyin tələblərinə əsasən, təqsirləndirilən şəxs barəsində çıxarılan hazırkı hökmlə qəsdən adam öldürmə cinayət işi üzrə çıxarılacaq hökmün birləşdirilməsi nəzərdə tutulub.

Müəllif: Fariz Məlikli

Editor
Redaktor