Azərbaycanda daxiliyanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması nəzərdə tutulur. Strategiyaya uyğun olaraq, 2035-ci ilədək ənənəvi avtomobil parkının ilkin mərhələdə yenilənməsi və elektromobillərin payının artırılması planlaşdırılır. 2060-cı ilə qədər isə sərnişin avtomobilləri parkında alternatif enerjili nəqliyyat vasitələrinin payının 100 faizə çatdırılması hədəflənir.
Avtomobillərlə bağlı qəbul edilmiş qərarın məqsədi qaz emissiyalarını azaltmaqdır, bəs niyə hibrid maşınlara aid edilmir kimi yanlış təqdim edilir?
Avtomobil mütəxəssisi, "Autoproject" şirkətinin rəhbəri Elçin Abbasov Demokrat.az-a açıqlamasında söyləyib ki, Azərbaycanda avtomobil nəqliyyatından atmosferə atılan zərərli qazların azaldılması istiqamətində qəbul edilən qərarlar ölkəmizdə daha ekoloji və müasir nəqliyyat sisteminin formalaşdırılmasına xidmət edir:
"Bu baxımdan elektrik və hibrid avtomobillərin geniş yayılması mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, hibrid və plug-in hibrid avtomobillərin də daxili yanma mühərriki ilə təchiz edilməsi bəzi suallar yaradır. Burada əsas məsələ həmin avtomobillərin hansı mühərriklə təchiz olunması deyil, onların ətraf mühitə təsirinin nə dərəcədə az olmasıdır. Adi benzin və dizel mühərrikli avtomobillərdən fərqli olaraq, hibrid avtomobillərdə daxili yanma mühərriki elektrik mühərriki ilə birlikdə işləyir. Xüsusilə şəhər daxilində, tıxaclarda və aşağı sürətlə hərəkət zamanı elektrik mühərrikindən istifadə yanacaq sərfiyyatını və nəticədə atmosferə buraxılan karbon qazının miqdarını azaltmağa imkan verir".
Mütəxəssis əlavə edib ki, plug-in hibrid avtomobillər isə daha geniş imkanlara malikdir:

"Onların akkumulyatorları xarici elektrik mənbəyindən doldurulur və avtomobil müəyyən məsafəni benzin mühərrikini işə salmadan qət edə bilir. Bu xüsusiyyət gündəlik şəhər hərəkətində emissiyaların əhəmiyyətli dərəcədə azaldılmasına şərait yaradır. Lakin nəzərə almaq lazımdır ki, hibrid avtomobillər tamamilə emissiyasız nəqliyyat vasitələri deyil. Onlarda daxili yanma mühərriki işlədiyi zaman yanacaq sərf olunur və atmosferə qaz buraxılır. Bununla belə, onların ekoloji göstəriciləri bir çox hallarda ənənəvi benzin və dizel avtomobillərindən daha əlverişli olur. Məhz buna görə hibrid avtomobillərin ekoloji keçid prosesində ayrıca qiymətləndirilməsi tamamilə məntiqlidir. Onların daxili yanma mühərrikinə malik olması elektrikləşdirmə və emissiyaların azaldılması istiqamətində verdiyi üstünlükləri aradan qaldırmır. Burada bir məqamı da xüsusi vurğulamaq istərdim. Avtomobilin ekoloji göstəricilərini yalnız mühərrikinin növünə görə deyil, real yanacaq sərfiyyatına, emissiya səviyyəsinə və istismar şəraitinə əsasən qiymətləndirmək daha məqsədəuyğundur. Azərbaycanın bu sahədə həyata keçirdiyi uzunmüddətli siyasət nəqliyyat parkının tədricən yenilənməsinə, daha qənaətcil texnologiyaların tətbiqinə və gələcəkdə tam elektrik nəqliyyatının geniş yayılmasına şərait yaradır. Hibrid və plug-in hibrid avtomobillər isə bu keçidin mühüm mərhələsidir. Onlar ənənəvi daxili yanma mühərrikli avtomobillərlə tam elektrik nəqliyyatı arasında texnoloji körpü rolunu oynayır.
Beləliklə, hibrid avtomobillərə fərqli yanaşılması qərarın əsas məqsədi ilə ziddiyyət təşkil etmir. Əksinə, bu yanaşma daha az yanacaq sərf edən və daha az emissiya yaradan texnologiyaların inkişafını təşviq etməklə ekoloji hədəflərə mərhələli şəkildə nail olunmasına xidmət edə bilər".


