YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Bu yas adəti ailələri borca salır — İlahiyyatçı açıqladı

Bu yas adəti ailələri borca salır — İlahiyyatçı açıqladı

Azərbaycanda yas mərasimlərində ehsan süfrəsi açmaq ənənəsi geniş yayılıb. Bəzi ailələr maddi imkanları məhdud olsa da, cəmiyyətin gözləntiləri və adət-ənənələr səbəbindən borc götürərək ehsan verməyə məcbur qalırlar. Bu isə yas sahibi olan ailələrin maddi yükünü daha da ağırlaşdırır.

Bəs mərhumun yas mərasimində borca girərək ehsan vermək dinə görə nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı, ilahiyyatçı alim Samid Quliyev bildirib ki, İslam dinində mərhumun xatirəsinə ehsan vermək, ehtiyacı olan insanlara yemək vermək və savabını dünyasını dəyişmiş şəxsin ruhuna hədiyyə etmək xeyirxah əməllərdəndir.

Bu yas adəti ailələri borca salır — İlahiyyatçı açıqladı

Onun sözlərinə görə, ehsan vermək ailənin üzərinə ağır maddi yük qoymamalı, onu borca və çətinliyə salmamalıdır:

"Dinimizdə ibadət və xeyirxahlığın əsas mahiyyəti səmimiyyət, mərhəmət və imkansız insanlara yardım etməkdir. Mərhumun ailəsi maddi imkanlarına uyğun şəkildə ehsan verə bilər. İmkanı yoxdursa, ehsan vermək üçün borca girməyə, özünü və ailəsini çətinliyə salmağa məcbur deyil. Ehsanın miqdarı və süfrənin zənginliyi mərhumun dəyərinin ölçüsü olmadığı kimi, ehsan verməmək də mərhumun unudulması və ya ona qarşı hörmətsizlik kimi qiymətləndirilməməlidir.

Əsas məqsəd süfrənin zənginliyi və ya qonaqlara təqdim olunan yeməklərin çoxluğu deyil, mərhumun xatirəsini ehtiramla yad etmək və xeyirxah əməllər vasitəsilə onun ruhuna savab qazandırmaqdır. Bəzən ailələr qohumların, qonşuların və ətrafdakı insanların münasibətindən çəkinərək imkanlarından artıq xərc çəkməyə çalışırlar. Yas mərasimi başa çatdıqdan sonra ailə uzun müddət borc ödəmək məcburiyyətində qalır. Halbuki belə hallarda mərhumun yaxınlarının maddi vəziyyətini nəzərə almaq və onlara əlavə yük yaratmamaq daha məqsədəuyğundur.

Ehsan mərasiminin təşkili ailənin maddi imkanlarına uyğun olmalı, yas sahibinin borclanmasına və gündəlik ehtiyaclarını qarşılamaqda çətinlik çəkməsinə səbəb olmamalıdır. Mərhumun xatirəsini yad etmək üçün mütləq böyük süfrə açmaq və çoxsaylı insanlara yemək vermək zəruri deyil. İmkanı olan şəxsin ehtiyacı olanlara yardım etməsi də xeyirxah əməl hesab olunur".