YapiKredi Müraciət Forması
Kriminal Özəl

Arvadımla arama girirdi deyə başına stəkan çırpdım — Məhkəmə

Arvadımla arama girirdi deyə başına stəkan çırpdım — Məhkəmə

Abşeron rayonunda 34 yaşlı kişi arvadının əmisi oğluna xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Digah qəsəbəsində baş verib. 1992-ci il təvəllüdlü Nizaməddin qəsəbədə yerləşən fərdi yaşayış evinə dəvət etdiyi arvadı Sevilin qohumu Fəxrəddinlə (adlar şərtidir – red.) mübahisə edib.

İstintaq sənədlərinə görə, Nizaməddin son vaxtlar Fəxrəddinin onun arvadı Sevil ilə aralarındakı narazılıq münasibətlərinə müdaxilə etməsinə və bu məsələ ilə maraqlanmasına görə ona irad bildirib. Bundan əsəbiləşən Nizaməddin masanın üzərindəki boş şüşə fincanı Fəxrəddinin başına vuraraq ona xəsarət yetirib.

Nizaməddin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Nizaməddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisədən təxminən bir həftə əvvəl həyat yoldaşı Sevil ilə aralarında mübahisə yaranıb. Sevil bundan sonra küsərək evi tərk edib və qonşuluqda yaşayan qohumu Fəxrəddingilin evinə gedib.

Təqsirləndirilən şəxs deyib ki, növbəti gün evdən çıxaraq küçədə siqaret çəkib.

"Bu zaman Fəxrəddini gördüm. O, məndən həyat yoldaşımla hansı səbəbdən mübahisə etdiyimi soruşdu. Bundan sonra Fəxrəddinə ‘Gəl, bizim evə gedək, evdə söhbət edərik", – dedim. Sonra Fəxrəddin mənimlə birlikdə evə gəldi. Evdə olarkən ondan arvadımla aramızda yaranan mübahisənin səbəbini soruşdum. O, mənimlə mübahisə etməyə başladı. Mən də bundan əsəbiləşərək stolun üzərindəki boş şüşə stəkanı sağ əlimə götürüb onun başına vurdum və xəsarət yetirdim. Bundan sonra Fəxrəddin evdən çıxıb getdi. Həmin hadisə zamanı evdə heç kim olmayıb".

Təqsirləndirilən şəxs ifadəsində mübahisə və münaqişənin 2-3 dəqiqə davam etdiyini, münaqişə zamanı Fəxrəddinin onu vurmadığını və müqavimət göstərmədiyini bildirib. O, Fəxrəddinin başına vurduğu şüşə stəkanı 3 manata aldığını deyib. Həmçinin bildirib ki, hadisənin ertəsi günü evi yığışdırarkən həmin fincanın qırıntılarını evin yaxınlığında yerləşən, məişət tullantıları üçün nəzərdə tutulmuş və dəqiq yerini xatırlamadığı yeşiyə atıb.

İş üzrə zərərçəkmiş Fəxrəddin ifadəsində heç bir şəxslə şəxsi ədavətinin və düşmənçiliyinin olmadığını bildirib. O qeyd edib ki, hadisədən bir həftə əvvəl əmisi qızı Sevil əri Nizaməddinlə aralarında baş verən şifahi mübahisədən sonra küsərək onun yaşadığı evə gəlib və onlarla birlikdə yaşayıb.

Fəxrəddin qeyd edib ki, hadisə günü gecə saat 23:30 radələrində spirtli içki qəbul edərək evinə gedərkən yolda Nizaməddinlə rastlaşıb. Söhbət əsnasında ondan əmisi qızı Sevil ilə hansı səbəbdən mübahisə etdiyini soruşub.

"Nizaməddin də mənə ‘Gəl, bizim evə gedək, orada söhbət edərik", – söylədi. O, mənimlə qonşuluqda yaşadığı üçün onun evinə getdim. Evdə olarkən əmim qızı ilə mübahisə etməsinin səbəbini ondan yenidən soruşdum. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə əsnasında Nizaməddin əsəbiləşərək stolun üzərindəki boş şüşə fincanı qəsdən başıma vurdu və xəsarət yetirdi. Bundan sonra Nizaməddinin yaşadığı evdən çıxaraq öz evimə getdim. Sonra onun barəsində şikayət etmək üçün Daxili İşlər Nazirliyinin ‘102" xidmətinə zəng edərək hadisə barədə məlumat verdim".

Zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbinin olmadığını deyib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor