YapiKredi Müraciət Forması
Özəl İqtisadiyyat

Sahibkarların vergi yükü azaldıla bilər? — Açıqlama

Sahibkarların vergi yükü azaldıla bilər? — Açıqlama

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövriyyəsinin artması vergi öhdəlikləri ilə bağlı bir sıra suallar yaradır. Xüsusilə, məişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarların müəyyən dövriyyə həddini keçdikdə ƏDV qeydiyyatına alınmasının məcburi olub-olmaması diqqət çəkir.

İqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında söyləyib ki, sahibkarlıq subyektlərinin dövriyyəsi artdıqca onların vergi öhdəlikləri də dəyişir:

Sahibkarların vergi yükü azaldıla bilər? — Açıqlama

"Lakin burada əsas məsələlərdən biri qanunvericilikdə müəyyən edilmiş dövriyyə hədlərinin iqtisadi reallıqlara nə dərəcədə uyğun olmasıdır. Bu gün məişət mallarının pərakəndə satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsinin 200 min manata çatması artıq böyük biznes fəaliyyəti göstərməsi demək deyil. İnflyasiya, məhsulların alış qiymətlərinin yüksəlməsi, icarə, logistika, əməkhaqqı və digər əməliyyat xərcləri nominal dövriyyəni əhəmiyyətli dərəcədə artırıb. Dövriyyənin yüksəlməsi sahibkarın mənfəətinin eyni nisbətdə artması anlamına gəlmir. Məsələn, illik dövriyyəsi 200 min manat olan ticarət obyektinin aylıq satış həcmi təxminən 16,7 min manat təşkil edir. Bu məbləğdən malların alış dəyəri, icarə, əməkhaqqı, kommunal xidmətlər və digər xərclər çıxıldıqdan sonra sahibkarın sərəncamında qalan vəsait xeyli azala bilər. Belə bir dövriyyə həddinin ƏDV qeydiyyatı öhdəliyini müəyyənləşdirən əsas meyarlardan biri olması kiçik sahibkarlıq subyektləri üçün əlavə inzibati və maliyyə yükü yarada bilər. Mən hesab edirəm ki, ƏDV qeydiyyatı üçün müəyyən edilmiş 200 min manatlıq hədd yenidən nəzərdən keçirilməlidir".

İqtisadçı əlavə edib ki, müasir iqtisadi şəraitdə bu həddin ən azı 500 min manata çatdırılması məqsədəuyğun olardı:

"Belə bir dəyişiklik kiçik sahibkarların fəaliyyətini daha rahat planlaşdırmasına, dövriyyə vəsaitlərini qorumasına və bizneslərini mərhələli şəkildə genişləndirməsinə imkan yarada bilər. Burada məqsəd sahibkarları vergidən azad etmək deyil. Məqsəd vergi öhdəliklərinin biznesin real miqyasına, qiymət səviyyəsinə və iqtisadi fəaliyyətin xüsusiyyətlərinə uyğun müəyyənləşdirilməsidir.

Eyni zamanda, ƏDV qeydiyyatının yaratdığı uçot, hesabatlılıq və inzibati xərclər də nəzərə alınmalıdır. Əlbəttə, dövriyyə həddinin artırılması dövlət büdcəsinin gəlirləri və vergi ödəyiciləri arasında rəqabət bərabərliyi baxımından da qiymətləndirilməlidir. Buna görə qərar qəbul edilərkən kiçik sahibkarlığın vəziyyəti, büdcəyə mümkün təsir və vergi sisteminin şəffaflığı kompleks şəkildə təhlil olunmalıdır.

Düşünürəm ki, 200 min manatlıq həddin ən azı 500 min manata qaldırılması ilə bağlı təşəbbüs iqtisadi əsaslandırma əsasında müzakirəyə çıxarılmalıdır. Vergi siyasəti iqtisadi fəallığı məhdudlaşdıran əlavə maneəyə çevrilməməli, sahibkarlığın böyüməsini və leqallaşmasını təşviq edən mexanizmlərlə tamamlanmalıdır".

FH
Fidan Hacızadə
Müxbir