YapiKredi Müraciət Forması
Cəmiyyət Özəl

"Dözümlülük sabitliyə zəmanət deyil"

Dözümlülük sabitliyə zəmanət deyil

"Qlobal miqyasda dinlərarası münasibətlərin trayektoriyasını təhlil edərkən aydın görünür ki, effektiv institusional təməllərə söykənməyən dözümlülük uzunmüddətli sabitliyin etibarlı zəmanəti ola bilməz. Yalnız tənzimlənməyən sosial dinamikanın ixtiyarına buraxıldıqda multikultural birgəyaşayış xarici geosiyasi təzyiqlərə və kimlik əsaslı qütbləşməyə qarşı həssas olaraq qalır".

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Dinlərarası dialoq: ortaq gələcək üçün yol xəritəsi" adlı plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əsl sosial həmrəylik dövlət idarəçiliyi və vətəndaş cəmiyyətinin radikallaşmanın qarşısını alaraq etiqad azadlığını fəal şəkildə tənzimlədiyi, bizim "institutlaşdırılmış plüralizm" kimi səciyyələndirdiyimiz çərçivəni tələb edir:

"Azərbaycan Respublikası bu paradiqmanın parlaq empirik təzahürü kimi çıxış edir. Daxili sabitliyin və dinlərarası harmoniyanın passiv dözümlülüyə və ya təkcə tarixi yaddaşa əsaslana bilməyəcəyini dərk edən Azərbaycan multikulturalizmi və dini dözümlülüyü strateji dövlət siyasətinə və institusional arxitekturaya yüksəltmişdir.

Sosioloji nöqteyi-nəzərdən bu model üç təməl sütuna əsaslanır:

Birincisi, Hüquqi və Konstitusion əsaslar. Azərbaycanda dini etiqad azadlığının institutlaşdırılması möhkəm konstitusion təməl üzərində qurulub. Konstitusiyamız dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin qanun qarşısında tam bərabərliyinə zəmanət verir və vicdan azadlığını qoruyur.

Eyni zamanda, milli qanunvericiliyimiz dini etiqad azadlığını sadəcə şəxsi seçim çərçivəsindən çıxararaq dövlət tərəfindən tanınan və qorunan hüquqi status səviyyəsinə qaldırır.

İkincisi, dinamik institusional idarəetmə və gənclərin cəlb olunması Azərbaycan dövlət-din münasibətlərini sistemli şəkildə idarə edən ixtisaslaşmış dövlət mexanizmləri və təhsil çərçivələri yaradıb.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini sahədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Onun əsas prioritetləri dini etiqad azadlığının qorunması, icmaların qeydiyyatının asanlaşdırılması, dini təhsilin təşkili, dini zəmində radikalizmin, ekstremizmin, dinlərarası münaqişə vəayrı-seçkiliyin fəal şəkildə qarşısının alınmasından ibarətdir".

Ramin Məmmədov bildirib ki, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına və peşəkar dini liderliyin inkişafetdirilməsinə sadiqliyimizin əyani sübutu olaraq, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu təsis edilib:

"İslam dinini və dünya dinlərini dərindənakademik biliklərlə mənimsəmiş obyektiv, yüksək ixtisaslı kadrların hazırlanması ilə yanaşı, İnstitut cəmiyyətimizdə, xüsusilə gənclərimiz arasında radikalizmə və zərərli ideoloji təsirlərə qarşı ictimai immunitetin formalaşmasında əsas rol oynayır.

Bundan əlavə, gənclərin fəal sülh qurucuları kimi potensialının artırılması strategiyamızın mərkəzində dayanır. Dövlət Komitəsinin "AMİN" Gənc Könüllülər Platforması kimi təşəbbüslər vasitəsilə biz gənc nəslin dinlərarası harmoniyanın, sosial həmrəyliyin və vətəndaş məsuliyyətinin təşviq edilməsinə fəal şəkildə cəlb olunmasını təmin edir, dialoqun gələcək nəsillər üçün gündəlik mədəniyyətə çevrilməsinə nail oluruq.

Tarixi köklərə malik mənəvi qurum kimi fəaliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsi dinlərarası harmoniyanın qorunub saxlanılmasında və məzhəb ayrı-seçkiliyinin aradan qaldırılmasında vacib funksiyanı yerinə yetirir. Dövlətlə əməkdaşlıq çərçivəsi və digər dini konfessiyaların rəhbərləri ilə dialoqu sayəsində bu qurum dinlərarası həmrəyliyin və dinc birgəyaşayışın təşviqində əsas mənəvi tərəfdaş kimi çıxış edir.

Üçüncüsü, radikalizm və rəqəmsal qütbləşmə ilə mübarizə, eləcə də təhlükəsizlik tədbirləri ilə vicdan azadlığının tarazlığının qorunması. Azərbaycanın xarici ideoloji təsirlər, regional münaqişələr və kimlik əsaslı qütbləşmə riskləri ilə səciyyələnən mürəkkəb geosiyasi mövqeyini nəzərə alsaq, dayanıqlı dünyəvi dövlət modeli siyasi seçim olmaqla bərabər, həm də strateji zərurətdir. Bu yanaşma iki strateji sütuna əsaslanır:

Hərtərəfli dövlət dəstəyi: Dövlət həm müsəlman, həm də qeyri-müsəlman konfesiyalarını əhatə etməklə bütün dini icmalara birbaşa maliyyə yardımı, institusional dəstək, mənəvi irsin qorunması və dinlərarası dialoqun təşviqi yolu ilə hərtərəfli dəstək göstərir.

Dayanıqlı dünyəvi idarəçilik: Dövlət xarici ideoloji cərəyanların bizim dünyəvi demokratik nizamımızı, ictimai institutlarımızı və sosial həmrəyliyimizi təhlükə altına qoymasına imkan verməyərək dini ekstremizmdən qətiyyətlə qorunur, eyni zamanda hər kəsin vicdan azadlığına zəmanət verir".

Fidan Hacızadə

Editor
Redaktor