YapiKredi Müraciət Forması
Cəmiyyət Özəl

"Heç bir din zorakılığı haqlı göstərə bilməz"

Heç bir din zorakılığı haqlı göstərə bilməz

"Azərbaycan və Özbəkistan xalqlarını əsrlər boyu davam edən tarixi əlaqələr, ortaq dil və mədəniyyət, eləcə də möhkəm dostluq bağları birləşdirir. Böyük mütəfəkkirlərimiz Əlişir Nəvai və Nizami Gəncəvinin əvəzsiz irsi xalqlarımızın mənəvi yaxınlığının parlaq rəmzidir. Daşkənddə Nizami Gəncəvinin, Bakıda isə Əlişir Nəvainin xatirəsinə göstərilən yüksək ehtiram bu tarixi əlaqələrin daha da möhkəmləndiyini nümayiş etdirir".

Demokrat.az xəbər verir ki, bunu Özbəkistan Respublikası Prezidentinin Din və Təhsil Məsələləri üzrə müşaviri Müzəffər Kamilov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Dinlərarası dialoq: ortaq gələcək üçün yol xəritəsi" adlı plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son illərdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib:

"2022-ci ildə Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə, 2024-cü ildə isə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb. Bu gün əməkdaşlığımız siyasi, iqtisadi, elm və təhsil sahələrində ardıcıl şəkildə inkişaf edir. Əməkdaşlığımızın mühüm istiqamətlərindən biri də dini tolerantlığın təşviqidir. Bu vacib sahədə ölkələrimizin rəhbərlərinin mövqeləri üst-üstə düşür. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2025-ci ildə Səmərqənddə keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyasında dünyada dinlərarası ziddiyyətlərin gücləndiyi indiki şəraitdə tolerantlıq və həmrəylik kimi ümumbəşəri ideyaların geniş təbliğinin hər zamankından daha vacib olduğunu vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev də Mədəniyyətlərarası Dialoq üzrə VI Dünya Forumunda dini liderlərin sülhə və tolerantlığa çağırışlarının dünya xalqları üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bu gün İlham Əliyev cənablarının VII Forumda da bu istiqamətdə dəyərli fikirlərini bizimlə bölüşdüyü məlumdur".

Onun sözlərinə görə, bugünkü forumun "Ümumi gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması" ideyası, eləcə də plenar iclasımızın "Dinlərarası dialoq: ümumi gələcəyə aparan yol xəritəsi" mövzusu müasir qlobal şəraitdə olduqca aktualdır:

"Bu gün dünyada geosiyasi ziddiyyətlər, dini və milli zəmində münaqişələr, ksenofobiya, islamofobiya və dözümsüzlüyün digər formaları cəmiyyətlər arasında dialoqa və qarşılıqlı etimad mühitinə ciddi təsir göstərir. Əslində, heç bir din və ya etiqad zorakılığı, düşmənçiliyi və günahsız insanlara qarşı təcavüzü haqlı göstərə bilməz. Şübhəsiz ki, dinlərarası dialoqu yalnız müxtəlif dinlərin nümayəndələri arasında keçirilən görüşlər kimi qəbul etmək düzgün deyil. Bu dialoq, ilk növbədə, insan ləyaqətinin qorunmasına, müxtəlif inanclara və mədəniyyətlərə hörmətlə yanaşılmasına, eləcə də ümumi problemlərin birgə həllinə xidmət etməlidir.

Dinlərarası dialoqun qlobal sülhün təmin edilməsindəki rolu elmi tədqiqatlarda da xüsusi vurğulanır".

Fidan Hacızadə

Editor
Redaktor