YapiKredi Müraciət Forması
Özəl Avto

Bazarda bu maşınlara alıcı tapılmır — Açıqlama

Bazarda bu maşınlara alıcı tapılmır — Açıqlama

Bakıda avtomobil bazarında alıcıların seçimləri dəyişdikcə vaxtilə böyük maraq görən bəzi modellərin satışında da çətinliklər yaranır. Alıcılar artıq yalnız avtomobilin markasına deyil, yanacaq sərfiyyatına, texniki vəziyyətinə, ehtiyat hissələrinin qiymətinə və gələcəkdə onu yenidən satmağın nə qədər asan olacağına da diqqət yetirirlər.

Bəs Bakıda hansı avtomobillər əvvəlki kimi maraq görmür və hansı modelləri satmaq getdikcə çətinləşir?

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, son illərdə insanlar ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitələrinə, xüsusilə elektrikli, hibrid və plug-in hibrid avtomobillərə daha çox üstünlük verirlər.

Bazarda bu maşınlara alıcı tapılmır — Açıqlama

Onun sözlərinə görə, daxiliyanma mühərriki ilə işləyən avtomobillər arasında mühərrik həcmi kiçik, yanacaq sərfiyyatı və istismar xərcləri aşağı olan modellərə maraq artır.

"İkinci əl avtomobil bazarına nəzər salsaq, mühərrik həcmi böyük olan avtomobillərin qiymətlərində ucuzlaşma müşahidə edirik. Eyni zamanda, bu avtomobillərə alıcı tapmaq da əvvəlki dövrlərlə müqayisədə nisbətən çətinləşib. Bunun əsas səbəblərindən biri insanların avtomobil seçərkən artıq yalnız nəqliyyat vasitəsinin görünüşünə, markasına və mühərrik gücünə deyil, həm də onun gündəlik istismar xərclərinə diqqət yetirməsidir.

Məsələn, mühərrik həcmi böyük olan avtomobillər daha çox yanacaq sərf edə, bəzi hallarda daha yüksək texniki xidmət və təmir xərcləri tələb edə bilər. Bu isə xüsusilə avtomobildən hər gün istifadə edən insanlar üçün əlavə maliyyə yükü yaradır. İnsanlar avtomobil alarkən gələcəkdə nə qədər yanacaq sərf edəcəklərini, texniki xidmətə nə qədər vəsait xərcləyəcəklərini də nəzərə alırlar. Buna görə də daha qənaətcil modellərə tələbat artır.

Digər tərəfdən, hibrid və plug-in hibrid avtomobillərə marağın artması da bazara təsir göstərir. Bu avtomobillər yanacaq sərfiyyatını azaltmaq istəyən sürücülər üçün alternativ hesab olunur. Elektrikli avtomobillərə marağın artması da ənənəvi daxiliyanma mühərrikli modellərin bazardakı mövqeyinə təsir edən amillərdən biridir.

Təbii ki, böyük mühərrikli avtomobillərə rəğbət bəsləyən, onların həvəskarı olan və bu tip nəqliyyat vasitələrini əldə edən insanlar da var. Belə avtomobillər xüsusilə mühərrik gücünə, sürüş xüsusiyyətlərinə və komforta üstünlük verən alıcılar üçün maraqlı olaraq qalır. Ancaq ümumi tendensiyaya baxdıqda, insanların əksəriyyəti həm maddi baxımdan, həm də gündəlik istifadə rahatlığı baxımından daha qənaətcil avtomobillərə üstünlük verirlər.

Buna görə də ikinci əl bazarında mühərrik həcmi böyük olan avtomobillərin əvvəlki kimi asan satılmaması və qiymətlərinin aşağı düşməsi təəccüblü deyil. Bununla belə, konkret avtomobilin qiymətinə yalnız mühərrik həcmi təsir etmir. Avtomobilin markası, istehsal ili, texniki vəziyyəti, yanacaq sərfiyyatı, ehtiyat hissələrinin əlçatanlığı və bazardakı tələbat da mühüm rol oynayır".