Müasir dövrdə bəzi insanlar ətrafındakıların diqqətinə, tərifinə və təsdiqinə xüsusi ehtiyac duyurlar. Başqalarının onlar haqqında nə düşündüyü, davranışlarını necə qiymətləndirdiyi və onlara nə qədər diqqət göstərdiyi özlərini necə hiss etmələrinə birbaşa təsir edir.
Bu ehtiyacın arxasında hansı psixoloji səbəblər dayanır? İnsan niyə öz dəyərini başqalarının münasibəti ilə ölçür?
Psixoloq Zümrüd Əsədova Demokrat.az-a açıqlamasında söyləyib ki, insanın başqaları tərəfindən bəyənilmək, diqqət görmək və təqdir olunmaq istəyi təbiidir:
"Hər birimiz üçün ətrafımızdakı insanların münasibəti müəyyən qədər əhəmiyyət daşıyır. Problem o zaman yaranır ki, insan özünü yaxşı hiss etmək üçün mütləq kənardan təsdiq almalı olur. Bunun kökü çox vaxt uşaqlıq dövrünə gedib çıxır. Məsələn, uşaq yalnız yaxşı qiymət alanda, uğur qazananda və ya böyüklərin istədiyi kimi davrananda təriflənirsə, zamanla belə bir inanc formalaşdıra bilər: "Mən yaxşı olanda, uğur qazananda sevilirəm." Belə insan böyüyəndə də öz dəyərini nəticələri, nailiyyətləri və başqalarının münasibəti ilə ölçməyə başlayır".
Psixoloq əlavə edib ki, bəzən bunun səbəbi insanın özünə inamının zəif olmasıdır:
"O, öz fikrinə və hisslərinə güvənməkdə çətinlik çəkir, ona görə də başqalarının reaksiyasını özünə bir növ ölçü götürür. Tərif eşidəndə özünü dəyərli hiss edir, tənqid olunanda isə dəyəri azalır. Halbuki bir insanın bizi bəyənməməsi bizim dəyərimiz haqqında yekun qərar deyil, sadəcə onun münasibətidir.
Sosial şəbəkələr də bu ehtiyacı gücləndirə bilir. İnsanlar bəzən aldıqları bəyənmələrin, şərhlərin və diqqətin sayını özlərini başqaları ilə müqayisə etmək üçün istifadə edirlər. Zamanla insanın əhvalı belə xarici reaksiyalardan asılı vəziyyətə düşə bilər.
Belə vəziyyətdə insan özünə bir sual verə bilər: "Heç kim məni tərifləməsə, diqqət göstərməsə, mən özüm haqqında nə düşünərdim?" Bu suala cavab tapmaq özünüdərkin vacib hissəsidir. Çünki insanın özünə münasibəti yalnız başqalarının ona necə baxmasından asılı olduqda, o, daim kiminsə təsdiqini gözləyir. Öz dəyərini daha yaxşı tanıdıqca isə tərifdən zövq ala bilir, amma tərif olmadığı zaman özünü dəyərsiz hiss etmir".
Müəllif: Fidan Hacızadə


