Türkiyə ilə Azərbaycanın arasını vurmaq məqsədi ilə sosial şəbəkələrdə təxribat xarakterli feyk xəbərlər yayan troll qrupları bir-bir ifşa olunmaqdadır.
Ortada heç bir ciddi problem olmadan iki qardaş ölkənin münasibətlərində aşınma olduğu haqda yalan xəbər yayan, müxtəlif profillərdən həm Türkiyə, həm Azərbaycan ictimaiyyətini qıcıqlandıracaq kontentlərin böyük sürətlə yayılması onu göstərdi ki, Bakı və Ankaranın çoxlarının paxıllığına səbəb olan qardaşlığını və müttəfiqliyini pozmaq üçün düşmən qüvvələr çox böyük resurslarını səfərbər ediblər.
Dərindən araşdırıldığında, bütün trol qrupların bir mərkəzdən idarə olunduğu, hər iki tərəfdən sosial mediada yayılan iyrənc, heç bir əsası olmayan, xəbərlərin eyni təxəyyülün məhsulu olduğu aydın görünür. Ortaya atılmış, əslində heç bir ictimai-siyasi çəkisi olmayan ayrı-ayrı bloqerlər, aldıqları muzdun qarşılığında iki qardaş xalqın arasını nəfəsləri kəsilə-kəsilə söylədikləri absurd iddialarla vurmağa çalışırlar. TürkNet-də başlayan bu antiazərbaycan isteriyasından sonra AzNet-də də bunlara cavab kontentləri yayılmağa başladı. Düşmən istədiyinə qismən nail olmuşdu. İnformasiya müharibəsinin qığılcımı yavaş-yavaş rəqəmsal media platformalarını "yandırmağa" başlamışdı.
Daha sonra ayrı-ayrı siyasətçilərin müxtəlif mövzulardakı çıxışlarının kontekstindən çıxarılan (Türkiyədəki ayrı-ayrı şəxslərin Azərbaycan əleyhinə səsləndirdikləri fikirlər fikirlər götürülərək) çeşidli sosial media platformalarında yayılmağa başlandı. Maraqlı burasıdır ki, bütün bu paylaşımların böyük əksəriyyəti ödənişli reklam əsasında daha geniş istifadəçi auditoriyasına çatdırılmışdı. Hiss olunurdu ki, reklama pul xərcləyənlər coğrafi məkan olaraq Azərbaycan və Türkiyəni seçmişdilər ki, belə təxribat xarakterli kontentlər iki qardaş ölkədən olan istifadəçilərə maksimum dərəcədə tez çatsın.
Son bir həftənin sosial media analizi onu göstərir ki, neqativ fon yaratmağa çalışan az-çox populyar hesablar, profillər və səhifələrin çoxu informasiya viruslarını ödənişli əsasda yaya biliblər. Maraqlısı budur ki, artıq AzNet və TürkNet-dəki bu xaotik qalmaqal artıq internetin rusdilli seqmentinə də yayılıb. Dünəndən başlayaraq populyar erməni saytları və sosial media hesabları İstanbulda 10-15 nəfərin antiazərbaycan piketindən çəkilmiş şəkilləri paylaşaraq "Türkiyə Azərbaycana qarşı mitinq keçirilir", "Türkiyə ilə Azərbaycan münasibətləri pisləşir", "Türkiyədə Azərbaycan hakimiyyətinə qarşı etirazlar" başlıqlı xəbərləri öz manşetlərinə daşıyıblar.
Göründüyü kimi, iki qardaş arasındakı problemlərə və münasibətlərin pozulmasına ən çox sevinən düşmənlərimizdir. 21-ci əsrin ən müşkül, ən mürəkkəb geosiyasi problemlərinin fonunda regionumuzda birliyin gücü ilə yaratdığımız reallıqlar ancaq düşmənlərimizə sərf etmir. İttifaqımızın, birliyimizin sarsılması onların ən böyük arzusudur. Ona görə də hər xırda anlaşılmazlığı, ən kiçik emosiyamızı belə, başqa don geyindirərək birliyimizi sarsıtmaq üçün istifadə etməyə çalışırlar. Ona görə də iki qardaş ölkənin, birliyinə və qardaşlığına bütün dünyanın qibtə etdiyi Azərbaycanın və Türkiyənin hər bir vətəndaşı ayıq olmalı, düşmən təxribatına uymamalı, onların iyrənc arzularını ürəyində qoymalıdır.
Unutmamalıyıq ki, aramızda tikanlı məftillər olduğu dönəmlərdə hər iki xalq uzun onilliklər, hətta yüzilliklər böyük problemlər və acılar yaşayıb. Birləşdiyimiz andan isə ən qısa müddətdə dünyanı lərzəyə salan imperiyaların ətrafımıza hördükləri düyünləri bir-bir aça-aça, açılmayanları isə gücümüzlə doğraya-doğraya həlli mümkünsüz görünən məsələləri öz marağımıza uyğun həll etdik. Bunu sarsılmaz birliyimizlə etdik və bundan sonra da birlik olacağımız təqdirdə bizə heç bir qüvvə bata bilməyəcək! Əgər birliyimiz sarsılsa, düşmənlər aramıza nifaq sala bilsələr, onda keçən əsrin əvvəllərində yaşadıqlarımızı bu əsrin əvvəlində yenidən yaşayacağıq...
Qafqaz Ömərov


