Sağlamlıq

Qaraciyər üçün vacib iki mineral: Hansı qidalarda daha çoxdur?

Qaraciyər üçün vacib iki mineral: Hansı qidalarda daha çoxdur?

Qaraciyərin sağlamlığı üçün vacib olan iki mineral – sink və selenin kifayət qədər qəbul edilməsi önəmlidir. Mütəxəssislər isə bu maddələrin əlavələr şəklində yüksək dozada nəzarətsiz qəbulundan çəkinməyi tövsiyə edirlər.

Demokrat.az hazipatika.com saytına istinadən xəbər verir ki, balanslı qidalanma, sağlam çəkinin qorunması və alkoqoldan normada istifadə qaraciyər sağlamlığının əsas şərtləri hesab olunur. Bununla yanaşı, sink və selen kimi mikroelementlər də orqanizmin normal fəaliyyəti üçün mühüm rol oynayır.

Sink yüzlərlə fermentin fəaliyyətində iştirak edir, zülal və DNT sintezinə, hüceyrələrin bölünməsinə və yaraların sağalmasına kömək edir. O, həmçinin immun sisteminin normal fəaliyyəti üçün vacibdir. Sinklə zəngin qidalara ət, yumurta, süd məhsulları, balıq və dəniz məhsulları, paxlalılar, qoz-fındıq, tam taxıllı məhsullar və balqabaq tumları daxildir.

Selen isə orqanizmi oksidləşdirici zədələnmədən qorumağa kömək edən vacib mikroelementdir. Balıq, ət, yumurta və bəzi taxıl məhsulları selen mənbəyidir. Braziliya qozu isə bu mineral baxımından xüsusilə zəngin hesab olunur.

Yetkin kişilər üçün gündəlik sink ehtiyacı 10 milliqram, qadınlar üçün isə 9 milliqram təşkil edir. Selenə gündəlik tələbat isə qadınlarda 60 mikroqram, kişilərdə 75 mikroqramdır.

Mütəxəssislər bildirirlər ki, bu mineralların həddindən artıq qəbulu da zərərli ola bilər. Uzun müddət yüksək dozada sink qəbul edilməsi mis çatışmazlığına səbəb ola bilər. Həddindən artıq selen isə ürəkbulanma, saç və dırnaqlarda problemlər, ağır hallarda isə nevroloji əlamətlər yarada bilər.

Jalə