ABŞ-ın İraqdakı 23 illik hərbi iştirakının başa çatması Vaşinqtonun Yaxın Şərqdəki hərbi və siyasi strategiyası ilə bağlı yeni suallar yaradıb. Son ABŞ və koalisiya qüvvələrinin Ərbil Hava Bazasını tərk etməsi regionda təhlükəsizlik dinamikasına və ABŞ-ın tərəfdaşları ilə münasibətlərinə mümkün təsirləri yenidən gündəmə gətirib.
Bəs ABŞ-ın İraqdan tam hərbi çıxması Yaxın Şərqdə qüvvələr balansına və Vaşinqtonun regiondakı siyasətinə necə təsir göstərə bilər?
Politoloq Elçin Xalidbəyli Demokrat.az-a açıqlamasında deyib ki, ABŞ-ın İraqdan öz hərbi kontingentini çıxarması Yaxın Şərqin yenidən dizayn olunması prosesinin tərkib hissəsi kimi görünür.

Onun sözlərinə görə, əslində İraq ABŞ-ın dağıtdığı ölkələr sırasına daxildir:
"Məhz ABŞ qoşunları İraqla savaş apararaq bu ölkədə hakimiyyətin devrilməsinə və Ağ Evdən idarə olunan hökumətin qurulmasına nail olmuşdu. İndi isə ABŞ bu ölkədən öz hərbi kontingentini çıxarmaqla həm İraqın, həm də Yaxın Şərqin gələcək taleyində yeni mərhələnin başladığını göstərir. Ancaq burada bir önəmli məqam ondan ibarətdir ki, ABŞ hərbi kontingentinin İraqdan çıxarılması Ağ Evin bu ölkəyə nəzarət etmək vərdişlərindən imtina etdiyini göstərmir. Çünki hazırda İraq məhz ABŞ-a yaxın olan siyasi qüvvələr tərəfindən idarə olunur. Eyni zamanda ABŞ-ın İraqdan başqa da Yaxın Şərqdə, digər ölkələrdə hərbi bazaları mövcuddur. İstənilən vaxt ABŞ bu ölkəyə yenidən hərbi kontingentlə dönə də bilər. Yəni bu da o deməkdir ki, böyük ehtimalla ABŞ bir tərəfdən İraqda hərbi kontingent saxlamaqla əlavə xərc istəmir.
Digər tərəfdən də böyük ehtimalla İraqdakı bəzi silahlı qruplaşmalarla anlaşmaların olduğu bildirilir və həmin silahlı qruplaşmalardan İrana qarşı istifadə ediləcəyi barədə iddialar mövcuddur. Yəni bu baxımdan hərbi kontingentin qısa müddətdə çıxarılmasına qərar verilib. Halbuki bu proses mərhələ-mərhələ davam etdirilərək məhz sentyabrda sona çatdırıldı. Yəni ümumi götürdükdə ABŞ-ın Yaxın Şərq siyasəti həm mahiyyət, həm də keyfiyyətcə ciddi şəkildə dəyişməyə başlayıb və ABŞ indi bütün diqqətini məhz İrana yönəldib, İranda hakimiyyətin dəyişdirilməsinə yönəlik planları reallaşdırmağa çalışır. Əgər bu da mümkün olmazsa, İranı mümkün qədər zəiflətməyə cəhd göstərir. Ona görə də hesab etmək olar ki, ABŞ-ın indiki siyasəti məhz Yaxın Şərqdə əsasən İran üzərində fokuslanıb".


