Cəmiyyət

Quzu ətinin qiymətini artıran səbəblər açıqlandı

Quzu ətinin qiymətini artıran səbəblər açıqlandı

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində artım var. Bildirilir ki, əvvəl Monqolustandan gətirilən quzu ətinin kiloqramı 9-12 manata təklif olunurdusa, indi 13-16 manat civarındadır.

Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətinin artmasının əsas səbəbləri nələrdir və bu artım yerli bazarda quzu ətinin qiymətinə də təsir göstərə bilərmi?

Demokrat.az-a bu barədə danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ətin qiyməti, xüsusən də quzu ətinin qiyməti daim yüksələn xətt üzrə gedəcək:

Quzu ətinin qiymətini artıran səbəblər açıqlandı

"Baxmayaraq ki, quzuların kəsilməməsi ilə bağlı müəyyən işlər aparılır, bu, əsasən yerli kəsimlərə aid ola bilər. Lakin Monqolustanda da heyvanların kəsim mövsümü var. Bu proses sentyabr ayında başlayır və yanvar ayına qədər davam edir. Ona görə də bu vaxta qədər Azərbaycana Monqolustandan gələn quzu ətində müəyyən defisit yaranıb. İndi isə bazarda yavaş-yavaş öz yerini tapacaq, lakin qiymət artımı gözlənilir. Burada əsas məsələ daşıma xərclərinin artmasıdır. Amerika-İran müharibəsi fonunda dizel yanacağının qiyməti artıb və bu da daşıma xərclərinin yüksəlməsinə səbəb olub. Məsələn, Ukraynadan gələn ətləri əvvəllər sürücülər bir tırı 3 000 dollara gətirirdilərsə, indi bu məbləğ 8 000 dollara çatıb. Monqolustandan gələn ətə də daşıma xərclərinin artması təsir edib".

Eyyub Hüseynov əlavə edib ki, yaxın zamanlarda Azərbaycan bazarında kifayət qədər Monqolustan quzu əti olacaq:

"Çünki orada kəsim prosesi sentyabr ayından artıq başlayıb. Ətin qiymətinin yüksəlməsinə təsir edən digər amil isə restoran şəbəkələrinin böyüməsi və restoranlara tələbatın artmasıdır. Əhali restoranlarda qoca qoyun əti yemək istəmir, quzu ətinə üstünlük verir. Əlbəttə, yerli quzu ətinə tələbatın yüksək olması da qiymətlərin artmasına təsir göstərir".

FH
Fidan Hacızadə
Müxbir