Sosial media

"WhatsApp"da təhlükə: Hesablar oğurlanır — Həll yolu açıqlandı

WhatsAppda təhlükə: Hesablar oğurlanır — Həll yolu açıqlandı

Digər platformalarda olduğu kimi, "WhatsApp" hesablarının da oğurlanması halları baş verir. Belə hallarda şəxsin hesabına giriş əldə edənlər onun adından digər insanlara mesaj yazaraq pul istəyə bilirlər. Hətta hesabın giriş məlumatlarını dəyişdirərək istifadəçinin öz "WhatsApp" hesabına daxil olmasını da məhdudlaşdırırlar.

Belə hallarla üzləşən şəxslər "WhatsApp" hesablarını necə bərpa edə bilərlər və hesabın oğurlanmasının qarşısını almaq üçün hansı təhlükəsizlik tədbirlərinə əməl etmək lazımdır?

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev Demokrat.az-a açıqlamasında "WhatsApp" hesabının oğurlanmasının ciddi problem olduğunu deyib:

WhatsAppda təhlükə: Hesablar oğurlanır — Həll yolu açıqlandı

"Düzgün addımları izləməklə hesabı bərpa etmək və gələcəkdə belə halların qarşısını almaq mümkündür. Əgər hesabınız oğurlanıbsa və giriş məlumatlarınız, yəni kodunuz dəyişdirilibsə, ilk növbədə "WhatsApp"ı yenidən quraşdıraraq hesabınıza giriş etməyə çalışın. Telefon nömrənizi daxil etdikdən sonra sizə SMS vasitəsilə giriş kodu göndəriləcək. Əgər hesabı oğurlayan şəxs onu hələ də sizin nömrəniz üzərində saxlayırsa, SMS kodunu daxil etməklə hesabınıza yenidən daxil ola bilərsiniz. Sizin giriş etməyiniz oğurlayan şəxsin cihazındakı sessiyanın avtomatik olaraq sonlandırılmasına səbəb olacaq. Əgər oğurlayan şəxs hesabınızda "İki addımlı təsdiqləmə" funksiyasını aktivləşdiribsə və sizdən PIN kodu tələb olunursa, hesaba dərhal giriş mümkün olmaya bilər. Bu halda PIN kodunu yenidən təyin etmək üçün bir neçə gün, adətən 7 gün gözləmək lazım gələ bilər. Bu müddət ərzində oğurlayan şəxs hesaba tam nəzarət edə bilməz. Siz isə SMS kodu vasitəsilə hesabı geri almağa cəhd edə bilərsiniz. Hesaba giriş imkanınız tamamilə əlinizdən gedibsə, "WhatsApp"ın rəsmi dəstək komandası ilə əlaqə saxlamaq lazımdır. Bunun üçün "WhatsApp"ın rəsmi dəstək ünvanına e-poçt göndərilə bilər. E-poçtun mövzusunda "Lost/Stolen: Please deactivate my account" qeyd edilməli, mətn hissəsində isə telefon nömrəsi beynəlxalq formatda, məsələn, +994 XX XXX XX XX formasında göstərilməlidir. Hesabın deaktiv edilməsi oğurluğun yarada biləcəyi zərərləri minimuma endirməyə kömək edə bilər".

Fərid Musayeb vurğulayıb ki, ən vacib təhlükəsizlik tədbirlərindən biri "İki addımlı təsdiqləmə" funksiyasını aktivləşdirməkdir:

"Bunun üçün Tənzimləmələr> Hesab > İki addımlı təsdiqləmə bölməsinə daxil olaraq 6 rəqəmli PIN kod təyin etmək lazımdır. Bu funksiya aktiv olduqda, kimsə SMS vasitəsilə göndərilən giriş kodunu əldə etsə belə, PIN kodunu bilmədən hesaba daxil ola bilməz. Şübhəli linklərə və kodlara da diqqət yetirmək lazımdır. Hesab oğurluqları bəzən "Sizin profiliniz təhlükədədir", "Hədiyyə qazandınız" və ya tanış şəxsin adı və şəkli ilə göndərilən saxta linklər vasitəsilə həyata keçirilir. "WhatsApp"ın SMS vasitəsilə göndərdiyi 6 rəqəmli giriş kodunu heç bir halda başqa şəxslə paylaşmaq olmaz. Hətta mesaj və ya profil rəsmi görünsə belə, bu kodu heç kimə göndərmək təhlükəlidir. Bundan əlavə, "WhatsApp Web" və Desktop sessiyalarını mütəmadi olaraq yoxlamaq lazımdır. Bunun üçün Parametrlər > Bağlı cihazlar (Linked Devices) bölməsinə daxil olmaq və tanımadığınız hər hansı cihaz və ya sessiya aşkarlandıqda həmin cihazdan "Çıxış et" seçimi ilə çıxış etmək mümkündür. Nömrə transferindən, yəni SIM Swapping hallarından da qorunmaq vacibdir. Telefonunuzda qəfil şəbəkə itərsə və servis yoxdur yazısı görünsə, bu, SIM kartla bağlı problemin göstəricisi ola bilər. Belə vəziyyətdə dərhal mobil operatorla əlaqə saxlamaq lazımdır. Eyni zamanda, "WhatsApp" tətbiqinin daim yenilənmiş versiyasından istifadə edilməlidir. Tətbiqi yalnız "App Store" və "Google Play" kimi rəsmi mağazalardan yükləmək və yeniləmək tövsiyə olunur. "WhatsApp Plus", "GBWhatsApp" kimi modifikasiya olunmuş tətbiqlərdən istifadə isə hesab və şəxsi məlumatların təhlükəsizliyi baxımından əlavə risk yarada bilər".

FH
Fidan Hacızadə
Müxbir