Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb.
Demokrat.az xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qurumun Rəyasət Heyətinin iclasında "Qarabağın Alban abidələrinin arxeoloji tədqiqi: yekunlar və vəzifələr" mövzusunda müzakirələr zamanı deyib.
O, son illər Azərbaycanda Qafqaz Albaniyası üzrə yeni nəsil tədqiqatçıların yetişdiyini vurğulayıb, AMEA-nın Arxeologiya və Antropologiya, Tarix və Etnologiya institutlarında bu istiqamətdə aparılan araşdırmaları yüksək qiymətləndirib. Qeyd edib ki, hazırda sözügedən institutlarda Qafqaz Albaniyası ilə bağlı şöbələr fəaliyyət göstərir və Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən arxeoloji, Tarix və Etnologiya İnstitutunun mütəxəssisləri tərəfindən isə yazılı mənbələr əsasında Qafqaz Albaniyasının tarixi öyrənilir.
AMEA rəhbəri Qarabağ ərazisində yerləşən alban abidələrinin araşdırılması, onların fotoşəkillərinin çəkilməsi və siyahıya alınması məqsədilə Tarix və Etnologiya İnstitutunun əməkdaşları üçün də elmi ekspedisiyaların təşkil olunacağını söyləyib.
İsa Həbibbəyli həmçinin Fəridə Məmmədovanın və digər alimlərin əsərləri əsasında 2027-ci ildə "Elm" nəşriyyatında "Qafqaz Albaniyası" adlı tanıtma kitabının hazırlanmasının zəruriliyini bildirib. Qeyd edib ki, nəşrdə Qafqaz Albaniyasının tarixi inkişaf mərhələləri, hökmdarları, mədəniyyəti və abidələri haqqında əsas məlumatlar əksini tapmalı, kitab Azərbaycan və ingilis dillərində çap edilərək dünyaya tanıdılmalıdır.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev isə diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyi tərəfindən Qarabağda, Şərqi Zəngəzurda bütün xristian dövrünə aid kilsələr, əsasən də Qafqaz Albaniyasının tarixi ilə bağlı olan məbədlər, kilsələr artıq qeydiyyata alınır. (report)


