Smartfonda Wi-Fi-ni evdən çıxan kimi söndürənlərin sayı az deyil. Buna səbəb əsasən batareyanın enerjisinin boş yerə sərf olunması ilə bağlı narahatlıqdır. Lakin Wi-Fi funksiyasının aktiv olması özü çox az enerji sərf edir. Akkumulyatoru daha çox parlaq ekran, GPS və bəzi tətbiqlər tükədə bilər. Bununla yanaşı, şəbəkələrə qoşulmanın təhlükəsizliyini də nəzərə almaq lazımdır.
Demokrat.az xəbər verir ki, bu barədə ofeminin.pl saytı yazıb.
Naməlum şəbəkələrə avtomatik qoşulmaq riskli ola bilər. Buna görə də evdən çıxarkən Wi-Fi-ni hər dəfə əl ilə söndürmək əvəzinə, ilk növbədə şəbəkələrə avtomatik qoşulma funksiyasını deaktiv etmək və ictimai Wi-Fi-dan istifadə zamanı diqqətli olmaq daha məqsədəuyğundur. Bununla belə, hər açıq şəbəkə təhlükə yaratmır, amma ehtiyatlı olmaq faydalıdır.
Evdən qısa müddətə çıxırsınızsa və mobil internetdən istifadə edirsinizsə, akkumulyatorun işləmə müddətindəki fərq minimal olacaq. Buna görə Wi-Fi-ni daim söndürməyə xüsusi ehtiyac yoxdur. Əsas məsələ telefonun hansı şəbəkələrə qoşulduğuna nəzarət etməkdir.
Cihazın öz təhlükəsizliyini təmin etmək də vacibdir. Bunun üçün ən azı altı rəqəmdən ibarət PIN-kod və ya hərf-rəqəm kombinasiyalı parol təyin etmək, asanlıqla təxmin edilə bilən sadə kombinasiyalardan istifadə etməmək tövsiyə olunur. Əlavə olaraq, barmaq izi və ya üz tanıma vasitəsilə biometrik giriş funksiyasını aktivləşdirmək olar. Bu, həm rahatlığı, həm də təhlükəsizliyi artırır.
Tətbiqlərin yalnız "Google Play" və "App Store" kimi rəsmi mağazalardan yüklənməsi tövsiyə edilir. Aşkar edilmiş təhlükəsizlik boşluqlarının aradan qaldırılması üçün əməliyyat sistemini və bütün tətbiqləri mütəmadi olaraq yeniləmək lazımdır.
Həmçinin SMS və ya elektron poçt vasitəsilə göndərilən keçidlərə qarşı diqqətli olmaq və şübhəli linklərə daxil olmamaq vacibdir.
Jalə


