İrkutsk vilayətində aşkar edilmiş infeksiya ekzotik mənşəli ola bilər.
Sibir regionunun İrkutsk vilayətində aşkar edilmiş təhlükəli infeksiyanın taun olması ehtimalı çox azdır, lakin hətta bu təsdiqlənsə belə, xəstəlik Rusiya daxilində yayılmayacaq.
Demokrat.az xəbər verir ki, bu barədə TASS-a epidemioloq, Rusiya Elmlər Akademiyasının akademiki və Rusiya Təhsil Akademiyasının vitse-prezidenti Gennadi Onişenko məlumat verib.
"Bunun taun olması ehtimalı azdır. Hər halda, biz bu infeksiyanı yaxşı tanıyırıq, onu necə müalicə etməyi bilirik və o, qətiyyən yayılmayacaq", - deyə o bildirib.
O qeyd edib ki, taun xəstəliyinin inkubasiya dövrü yeddi gündür. Bu infeksiya asanlıqla yayılmır və antibiotiklərlə müalicə oluna bilir. Hazırda xəstəliyin bütün təbii ocaqları daim nəzarət altındadır, baxmayaraq ki, taun daşıyıcıları hazırda "sakit" vəziyyətdədir.
Akademik İrkutsk vilayətində ekzotik, isti ölkələrə, xüsusən də Afrika qitəsinə xas bir infeksiya halının aşkar oluna biləcəyini ehtimal edib.
Daha əvvəl İrkutsk vilayətinin qubernatoru İqor Kobzev bölgədə təhlükəli infeksiya şübhəsi ilə bağlı halın qeydə alındığını açıqlamışdı. Buna cavab olaraq, İrkutskda Rusiya Federasiyasının Baş Dövlət sanitar həkimi Anna Popovanın iştirakı ilə regional sanitariya-epidemioloji komissiyanın fövqəladə iclası keçirildi.
Yerli KİV-in məlumatına görə, oktyabrın 1-dən etibarən Şelexov Rayon Xəstəxanasının stasionar şöbəsində karantin tətbiq edilib.
Daha əvvəl Ebola virusunun ölkəyə gətirilməsi riski səbəbindən Rusiyanın sərhədlərində sanitariya nəzarəti gücləndirilmişdi.
Alparslan


