Maraqlı

Bu inanclar bu gün də yaşayır: Qədim xalq deyimlərinin maraqlı mənaları

Bu inanclar bu gün də yaşayır: Qədim xalq deyimlərinin maraqlı mənaları

Elm və texnologiyanın sürətlə inkişaf etdiyi XXI əsrdə belə insanlar arasında qədim inanclar və xalq deyimləri öz aktuallığını qoruyur.

Demokrat.az xəbər verir ki, nəsildən-nəslə ötürülən bəzi inancların kökləri qədim dövrlərə gedib çıxır. Onların bir qismi zamanla gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Evdə fit çalmaq – pulun azalması

Uşaqlıqdan eşitdiyimiz bu inanca görə, evdə fit çalmaq bolluq və bərəkətin qaçmasına səbəb ola bilər. Qədim inanclarda fitin ev ruhunu narahat etdiyi və bunun nəticəsində evdən bərəkətin getdiyi düşünülürdü.

Sınıq güzgüyə baxmaq

Sınıq güzgüyə baxmaq da ən məşhur inanclardan biridir. Xalq arasında bunun bədbəxtlik gətirdiyi və hətta insanın yeddi il uğursuzluq yaşayacağı düşünülür. Qədim dövrlərdə güzgünün fövqəltəbii aləmlə əlaqəli olduğuna inanılması bu inancın formalaşmasına səbəb olub.

Əşyaları astanadan ötürməmək

Astanadan əşya vermək və ya almaq bir çox mədəniyyətdə uğursuzluq əlaməti sayılır. Qədim inanclara görə, astana canlılarla ölülər dünyasını ayıran məkan hesab edilib. Bu səbəbdən onun üzərindən əşya ötürməyin evin bərəkətinə və uğuruna təsir göstərə biləcəyinə inanılıb.

Duzun tökülməsi

Duzun tökülməsi də pis əlamət kimi qəbul edilir. Bunun əsas səbəblərindən biri keçmişdə duzun qiymətli və baha məhsul olması ilə əlaqələndirilir. Zaman keçdikcə tökülən duz evdə mübahisə və söz-söhbətin yaranacağına işarə kimi qəbul olunmağa başlayıb.

Qara pişiyin yolu kəsməsi

Qara pişiklə bağlı inanclar dünyanın müxtəlif yerlərində geniş yayılıb. Onun insanın qarşısından keçməsi bədbəxtlik əlaməti hesab olunur. Bu inancın kökündə isə qədim dövrlərdə qara pişiklərin mistik və fövqəltəbii qüvvələrlə əlaqələndirilməsi dayanır.

Yola çıxmazdan əvvəl oturmaq

Səfərə çıxmazdan əvvəl bir neçə saniyə oturmaq da geniş yayılmış adətlərdəndir. Qədim inanclara görə, bu hərəkət evin qoruyucu ruhuna hörmət göstərmək və səfərin rahat keçməsini təmin etmək məqsədi daşıyıb.

Nərdivanın altından keçməmək

Nərdivanın altından keçmək də uğursuzluq əlaməti sayılır. Bu inancın mistik izahları olsa da, onun kifayət qədər məntiqli tərəfi də var: nərdivanın altından keçən insanın üzərinə əşya düşə və ya nərdivan aşaraq xəsarət yetirə bilər.

Bundan başqa, gündəlik həyatda tez-tez xatırlanan başqa inanclar da var. Məsələn, burnun qaşınması qonaqlıq və ya içki məclisinə, qulaqların yanması kiminsə insan haqqında danışmasına, hıçqırıq kiminsə sizi xatırlamasına, asqırmaq isə deyilən sözün doğru olmasına yozulur.

Bu inancların elmi əsasları olmasa da, onların bir çoxu əsrlərdir xalq arasında yaşayır və müxtəlif nəsillər tərəfindən qorunub saxlanılır.

Jalə