Özəl

Yalan məlumatların auditoriyanı maqnit kimi çəkmə səbəbi açıqlandı

Yalan məlumatların auditoriyanı maqnit kimi çəkmə səbəbi açıqlandı

Dünən Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu iştirakçılarına müraciətində bildirib ki, hazırda dünya sürətlə dəyişən geosiyasi reallıqlar, artan təhlükəsizlik çağırışları və media sahəsində baş verən köklü transformasiyalarla səciyyələnən mürəkkəb bir dövr yaşayır.

BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, filologiya elmlər doktoru, professor Qulu Məhərrəmli Demokrat.az-a açıqlamasında bildirib ki, bu gün təkcə kütləvi informasiya vasitələrinin deyil, informasiya ilə bağlı bütün sahələrin, peşəkar jurnalistikadan tutmuş sosial şəbəkələrə, qəzet və televiziyalara qədər qarşısında mötəbər, güvənli və auditoriyaya doğru-dürüst məlumat çatdırılması ciddi problemə çevrilib:

"Ona görə də dünən Bakıda keçirilən, AGEM-in rəhbərliyi və himayəsi altında təşkil olunan "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda media forumunun xüsusi əhəmiyyəti var. Konfransdakı məruzələri, müxtəlif ölkələrdən olan nümayəndələrin çıxışlarını dinlədikcə bir neçə məsələnin üzərində dayanırsan ki, bunların hamısı nəticə etibarilə güvənli məlumata gətirib çıxarır. Ona görə də indi bizim bölgə üçün, xüsusən müxtəlif dövlət quruluşlarına malik ölkələr üçün sabit, güvənli və mötəbər informasiya çox əhəmiyyətlidir. Məsələn, Avropada da bu məsələ gündəmdədir. Amma Avropada peşəkar jurnalistika öndədir, klassik televiziyalar fəaliyyət göstərir. Avropa məkanında əhalinin təxminən 70 faizi televiziyalardan məlumat alır, sosial şəbəkələrə giriş isə nisbətən çox deyil. Amma indi sosial şəbəkələr də get-gedə özünə yer edir. Sosial şəbəkələrin formal demokratizmi arxasında isə həmişə yalanlar, təxribat xarakterli məlumatlar, müxtəlif qüvvələrin idarə etdiyi informasiya oyunları kifayət qədər geniş kök salır. Bunu nəzərə alaraq, operativ məlumatla dəqiq məlumat arasında dilemmanın üstünlüyünü necə müəyyənləşdiririk? Təbii ki, birinci növbədə dəqiq və balanslı məlumat olmalıdır. Bu, bir nömrəli keyfiyyət göstəricisidir. Ona görə də məlumatın dəqiq olması çox əhəmiyyətlidir. Operativlik də şərtdir, çünki məlumat çox tez bir şəkildə çatdırılmalıdır. Amma mütləq, haradan götürülməsindən asılı olmayaraq, məlumatlar dəqiqləşdirilməlidir".

Qulu Məhərrəmli əlavə edib ki, ikinci ciddi məsələ müxtəlif informasiya mənbələrinin çoxaldığı bir şəraitdə etibarlı məlumatın önə çıxarılmasıdır:

"Bu məlumatı ön sıraya çıxartmaq, yəni əsas diqqəti ona yönəltmək üçün nə etməliyik? Əlbəttə ki, burada peşəkar yanaşma öndədir. Buna xüsusilə diqqət yetirməliyik. Və nəhayət, necə etməliyik ki, mötəbər və dəqiq məlumatlar dezinformasiyanın fonunda daha parlaq görünsün? Çünki dezinformativ məlumatlar həmişə cazibədar olur. Çünki yalana bürünür. Olmayan, normadan kənar məlumatların çoxluq təşkil etməsi həmin informasiyanın mötəbərliyinə ciddi şəkildə kölgə salır. Mən bunun əsas yolunu mötəbər məlumat mənbələrinin çox olmasında və ya onların operativ işləməsində görürəm. İkinci bir cəhət, əlbəttə ki, peşəkarlıqdır. Çünki indi süni intellektin informasiya siyasətinə müdaxiləsi, yalançı məlumatların çoxalması, bunların hamısı istər-istəməz jurnalistikada keyfiyyəti, məlumatın keyfiyyətini aşağı salır. Yəni peşəkarlıq, dəqiqlik və güvənlilik bugünkü jurnalistikanın və informasiya siyasətinin mayasında dayanmalıdır".

FH
Fidan Hacızadə
Müxbir