İqtisadiyyat

Restoran menyuları bahalaşacaq — Açıqlama

Restoran menyuları bahalaşacaq — Açıqlama

Ət məhsulları arasında ən çox tələbat görən qidalardan biri də toyuq filesidir. Həm nisbətən münasib qiyməti, həm də qidalanmada geniş istifadə olunması səbəbindən toyuq filesinə istehlakçıların marağı yüksəkdir. Belə ki, toyuq filesinin qiymətində artım müşahidə olunur. Hazırda toyuq filesinin kiloqramının 9–10 manata təklif edildiyi bildirilir.

Toyuq filesinin qiymətindəki artım restoranlarda toyuqdan hazırlanan yeməklərin qiymətlərinə necə təsir edə bilər?

Demokrat.az-a bu barədə danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, toyuq əti qiymətlərinin artmasının səbəbi qırmızı ətin bahalaşmasıdır:

Restoran menyuları bahalaşacaq — Açıqlama

"Yəni qırmızı ət bahalaşan kimi, ardınca toyuq ətinin qiyməti də avtomatik olaraq artır. Çünki insanlar qırmızı ət ala bilməyəndə toyuq ətinə yönəlirlər. Nəticə etibarilə, toyuq ətinə tələbat artır və qiymətlər də yüksəlir".

İqtisadçı əlavə edib ki, maya dəyəri artırsa və qiymətlər yüksəlirsə, təbii ki, kafe və restoranlarda toyuq ətindən hazırlanan yeməklərin də qiyməti artacaq:

"Bunun başqa cür olması mümkün deyil. İqtisadi məntiq onu göstərir ki, maya dəyəri yüksəlirsə, kafe və restoranlar da qiymətləri artıracaqlar. Çox güman ki, yaxın zamanlarda bunun təzahürlərini artıq kafe və restoranlarda görəcəyik".

Qeyd edək ki, son günlərdə mal ətində də bahalaşma müşahidə olunub. Bununla yanaşı, Monqolustandan Azərbaycana gətirilən quzu ətinin qiymətində də artım var.

FH
Fidan Hacızadə
Müxbir