Son illərdə Azərbaycanda əmək bazarında bəzi peşə və ixtisaslara tələbatın artması həmin sahələrdə çalışanların gəlirlərinə də təsir göstərir. Xüsusilə yüksək ixtisas və xüsusi bacarıq tələb edən peşələr üzrə maaşlar digər sahələrlə müqayisədə daha yüksəkdir.
Bəs Azərbaycanda ən yüksək maaş hansı peşə və ixtisas sahiblərinə verilir?
Demokrat.az-a bu barədə açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bir sahə üzrə yaxşı mütəxəssis olmaq üçün ali təhsil müəssisələrində alınan təhsil kifayət etmir.

Onun sözlərinə görə, öz üzərində işləyən, xarici proqramlardan istifadə edən və xarici mütəxəssislərdən əlavə təhsil alan informasiya texnologiyaları mütəxəssisləri, yəni İT mütəxəssisləri bu sahədə kifayət qədər fəaldırlar və yüksək əməkhaqqı alırlar:
"Bəzi dövlət qurumlarına informasiya təhlükəsizliyi və data analitikası ilə bağlı mütəxəssislərlə bağlı müraciətlər olur və bu sahələr üzrə mütəxəssislər də fərqlənirlər. Azərbaycanda hərbiləşmiş sahələri çıxsaq, digər sahələrdə gələcək üçün ixtisas seçən insanlar da bunu nəzərə alırlar. Tibb sahəsinə son vaxtlar ayrılan diqqət də müəyyən rol oynayır. Əslində tibb sahəsi üzrə ixtisaslaşanlar əvvəllər əməkhaqqından daha çox digər vasitələrlə, özəl müəssisələrdə işləməklə müəyyən gəlir əldə etməyi düşünürdülərsə, indi dövlətin təminatı da bu məsələdə onların işinə yarayır. Bir sözlə, Azərbaycanda prestijli sayılan ixtisaslar həmişə hüquq və tibb olub.
Xüsusilə həkimlik, cərrahiyyə və digər tibb ixtisaslarına böyük maraq göstərilib. Ona görə də bu sahələr son 10 ilə qədər ən prioritet ixtisaslar sırasında idi. Amma artıq informasiya texnologiyaları da əmək bazarının ən mühüm və gəlirli sahələrindən birinə çevrilib və bu, ixtisas seçimi zamanı da özünü göstərir. Əmək bazarının tələbləri ən azı 5-6 il bir ixtisas üzrə davamlı iş imkanının olmasını diktə edir. Elə ixtisaslar var ki, onlar müvəqqəti olaraq aktuallığını itirə və ya ixtisarlarla üzləşə bilər. Ona görə də ixtisas seçimi zamanı bunlar müəyyən qədər nəzərə alınmalıdır və Azərbaycanda prestijli və gəlirli hesab olunan sahələrə üstünlük verilməlidir".


