Özəl

Qlobal güclərin müharibəsi Cənubi Qafqaza necə təsir edə bilər?

Qlobal güclərin müharibəsi Cənubi Qafqaza necə təsir edə bilər?

Rusiya Prezidenti Vladimir Putin dünyada fundamental dəyişikliklərin baş verdiyini və beynəlxalq münaqişələrin yaxın illərdə də davam edə biləcəyini bildirib. O, yeni dünya nizamının formalaşması prosesinin ciddi risklərlə müşayiət olunduğunu qeyd edib.

Bəs bu açıqlamalar dünyada hansı geosiyasi dəyişikliklərin getdiyini göstərir və yeni dünya nizamının formalaşması Cənubi Qafqazın, o cümlədən Azərbaycanın təhlükəsizlik mühitinə necə təsir edə bilər?

Demokrat.az-a mövzu ilə bağlı danışan politoloq Rəşad Bayramovun bildirib ki, Putinin Valday Diskussiya Klubunda fundamental dəyişikliklər fonunda beynəlxalq münaqişələrin yaxın illərdə də davam edə biləcəyini bildirməsi, əslində, Moskvanın dünya siyasətində baş verən transformasiyaya dair baxışının mühüm elementidir.

Qlobal güclərin müharibəsi Cənubi Qafqaza necə təsir edə bilər?

Onun sözlərinə görə, Putin hazırkı mərhələni yalnız ayrı-ayrı münaqişələrin çoxalması kimi deyil:

"Mövcud beynəlxalq nizamın dəyişməsi və yenisinin formalaşması dövrü kimi təqdim edir. Böyük dəyişikliklər dövlətləri daha böyük geosiyasi imkanlar əldə etmək üçün risk götürməyə sövq edir. Bu yanaşmanın arxasında bir neçə paralel proses dayanır. ABŞ–Çin rəqabətinin dərinləşməsi, Rusiya–Qərb qarşıdurması, Ukrayna müharibəsi, Yaxın Şərqdə artan qeyri-sabitlik və beynəlxalq institutların effektivliyi ilə bağlı mübahisələr qlobal sistemin daha rəqabətli xarakter almasına səbəb olur. Dünya İqtisadi Forumunun 2026-cı il üzrə risk hesabatında da geoiqtisadi qarşıdurma və dövlətlərarası münaqişələr əsas qlobal risklər sırasında göstərilir. Şübhəsiz ki, Cənubi Qafqaz da bu dəyişikliklərdən kənarda qala bilməz. Regionun əhəmiyyəti onun Rusiya, Türkiyə, İran və Avropa arasında yerləşməsi, enerji və nəqliyyat marşrutlarının kəsişməsində olması ilə daha da artır. Azərbaycan baxımından isə yeni geosiyasi şərait həm imkanlar, həm də risklər yaradır. Bir tərəfdən, Azərbaycan–Ermənistan münasibətlərində sülh prosesinin irəliləməsi və regional kommunikasiyaların açılması Cənubi Qafqazın rəqabət məkanından əməkdaşlıq platformasına çevrilməsi üçün imkan yaradır. Digər tərəfdən, böyük güclər arasında rəqabətin dərinləşməsi regionu yeni geosiyasi təzyiqlərlə üzləşdirə bilər. Rusiya Cənubi Qafqazı özünün ənənəvi təsir dairəsinin mühüm hissəsi hesab edir, Türkiyənin regiondakı rolu artır, İran isə həm sərhəd təhlükəsizliyi, həm də nəqliyyat və geosiyasi məsələlər baxımından mühüm aktordur. Ermənistanın xarici təhlükəsizlik əlaqələrini yenidən balanslaşdırmağa çalışması da regional güc nisbətlərinə təsir edən amillərdəndir.

Azərbaycan üçün ayrıca əhəmiyyət daşıyan məqam İran istiqamətindəki təhlükəsizlik dinamikasıdır. 2026-cı ildə Yaxın Şərqdəki qarşıdurmanın Cənubi Qafqaza birbaşa təsirləri artıq müşahidə olunub. İranla bağlı münaqişə həm Azərbaycan, həm də Ermənistan üçün iqtisadi, təhlükəsizlik və nəqliyyat risklərini artırıb və hətta Naxçıvan ərazisində dron insidentləri də qeydə alınıb. Odur ki, Putinin açıqlamasını da nəzərə alaraq deyə bilərik ki, böyük güclər arasında rəqabətin uzunmüddətli xarakter alması region dövlətlərindən daha çevik və çoxvektorlu təhlükəsizlik siyasəti tələb edir. Bizim üçün sabitliyin əsas şərtləri regional sülh prosesinin möhkəmləndirilməsi, nəqliyyat və enerji bağlantılarının qorunması, qonşu dövlətlərlə kommunikasiya kanallarının açıq saxlanılması və böyük güclər arasındakı qarşıdurmanın regiona mümkün qədər az transfer edilməsidir".