Son günlər Kürdəmir rayonunda toy mərasimindən sonra bir sıra şəxslərin zəhərlənməsi ilə bağlı hadisə kütləvi tədbirlər zamanı qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.
Bəs toylarda kütləvi zəhərlənmələrin əsas səbəbləri nələrdir və restoran və şadlıq evlərində belə halların qarşısını almaq üçün hansı qaydalara ciddi əməl olunmalıdır?
Demokrat.az-a bu barədə danışan qida eksperti Ağa Salamov bildirib ki, Azərbaycanda toy mərasimlərində dəbdəbənin ön plana çıxması qida təhlükəsizliyi ilə bağlı riskləri də artırır.

Onun sözlərinə görə, əvvəllər toy mərasimlərində geniş yayılan "şabaş" ənənəsi müəyyən mənada öz yerini süfrənin zənginliyi ilə nümayiş etdirməyə verib:
"Halbuki toy mərasimlərinin əsas məqsədi iki gəncin xoşbəxtliyini qeyd etməkdir və bunun üçün həddindən artıq dəbdəbəli süfrələrin açılmasına ehtiyac yoxdur. Toyxanalarda qida rasionunun geniş olması məhsulların düzgün saxlanılması ilə bağlı problemlər yarada bilər. Soyuducularda temperaturun düzgün tənzimlənməməsi, hava sirkulyasiyasının pozulması və məhsulların uyğun şəraitdə saxlanılmaması qida zəhərlənmələrinə səbəb ola bilər.
Xüsusilə ət, balıq, toyuq, mayonezli və yumurtadan hazırlanan məhsullar riskli qida məhsulları hesab olunur. Bu məhsulların qəbulu, daşınması, emalı, bişirilməsi və təqdim olunması zamanı qida təhlükəsizliyi qaydalarına ciddi əməl edilməlidir.Toyxanalarda bəzən toyuq əti, xüsusilə də toyuq kababı uzun müddət otaq temperaturunda saxlanılır. Ətin doğranması, souslanması və şişə keçirilməsi zamanı da müəyyən vaxt tələb olunur. Bu proseslər mümkün qədər qısa müddətdə həyata keçirilməli, məhsul ya dərhal bişirilməli, ya da yenidən soyuducuda saxlanılmalıdır.
Təəssüf ki, bir sıra ictimai iaşə müəssisələrində bu qaydalara lazımi səviyyədə əməl olunmaması qida zəhərlənmələri ilə nəticələnə bilər. Belə hallarda uşaqlar, hamilə qadınlar, yaşlılar, kimyaterapiya alan və immun sistemi zəif olan şəxslər daha çox risk altında olur. Qida zəhərlənmələrinin nəticələri ağır ola, hətta ölüm halları ilə nəticələnə bilər. Bu səbəbdən restoran və şadlıq evlərində qida məhsullarının qəbulu, saxlanılması, emalı və təqdimatı zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunması vacibdir. Patogen bakteriyalar insanın statusuna, vəzifəsinə və kimliyinə baxmır və onların yaratdığı fəsadlar hər kəs üçün ciddi təhlükə yarada bilər".


