Bakının Yasamal rayonunda 27 yaşlı oğlanın iş yoldaşını öldürməsinin detalları məlum olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Şahlar Ağayev işlədiyi çörək sexində iş yoldaşı, 1992-ci il təvəllüdlü Pünhan Fərzalı ilə mübahisə edib.
Daha sonra o, Pünhanı Nizami rayonu ərazisində "Qara Qarayev" metrostansiyasının yaxınlığında görüşə çağırıb.
Lakin həmin ərazi ona uzaq olduğundan yaşadığı ünvana daha yaxın olan Yasamal rayonu ərazisində yerləşən "Ləvəngi" restoranının qarşısında görüşməyi təklif edib.
İstintaq sənədlərinə görə, 14 mart 2024-cü il tarixində, saat 13 radələrində həmin yerdə görüşmələrini razılaşıblar. Şahlar qeyd edilən tarixdə və vaxtda tək həmin ünvana gələrək Pünhanı gözləyib. Pünhan isə görüş barədə yaxın münasibətlərdə olduğu qohumlarına məlumat verib və onlarla birlikdə həmin əraziyə gəlib.
Pünhan avtomobildən düşdükdən sonra söhbətə başlayıb və 2 gün əvvəl baş vermiş mübahisədə kimin haqlı olduğunu aydınlaşdırarkən aralarında yenidən mübahisə yaranıb. Onların arasında mübahisə kəskinləşib və bu zaman Şahlar Pünhanı bıçaqlayaraq öldürüb.
Şahlar Ağayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Şahlar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Pünhanı öldürmək niyyəti olmayıb:
"Biz eyni iş yerində çalışsaq da, bir-birimizlə şəxsi münasibətlərimiz olmayıb. Mən gecə növbəsində işlədiyimə görə evə getmək üçün iş yerində, yəni şirkətin geyim otağında paltarlarımı dəyişdim. Mən içəri girəndə Pünhan əynini dəyişirdi. Əlimi Pünhanın çiyninə qoyaraq "olar keçim, qardaşım?" deyərək icazə aldım. Pünhan isə yüksək səslə "toxunma mənə" dedi. Mən isə normal qarşılayaraq ona "qardaşım, əgər sənə bu narahatçılıq verdimsə, üzrlü say, burada başqa şey yoxdur, mən də sənin bir iş yoldaşınam" dedim. Pünhan yenə aqressiv cavab verdi. Bu hadisədən sonra Pünhanın mənə aqressiyası oldu. İş yerində mənə sataşdı. Mən yenə də bu sataşmalara ortada böyüdüləsi bir hal olmadığından reaksiya vermədim. Amma bu məsələ ürəyimdə aqressiya kimi qaldı".
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir dəfə əynini dəyişəndə Pünhan içəri girib, onun çiyninə vurub və o, önə doğru gedib:
"Sakit halda ona dedim ki, qardaşım, biz eyni millətik, azərbaycanlıyıq, hətta iş yoldaşıyıq, bir-birimizə qarşı bu qədər aqressiv olmaq lazım deyil, əgər mənə qarşı ürəyində hansısa bir anlaşmazlıq qalıbsa, mən yenə də üzr istəyirəm. Pünhan isə "sən heç mənimlə danışa bilməzsən, mən İmişli balasıyam, mənim adım filankəsdir, belədir" dedi. Mən də ona cavab olaraq "Allah canını sağ eləsin, mənim səninlə heç bir problemim yoxdur" dedim. Pünhan yenə aqressiv üslubda "sən məni yola verirsən" dedi. Mən isə "yox, mən səni yola vermirəm, sadəcə istəmirəm ki, mövzu çox dərinliyə getsin" söylədim. Pünhan üstümə gəldi. Mənim də 59 kiloqram çəkim vardı, bəlkə də, gözə zəif görsənirdim deyə Pünhan üstümə gəldi. Məni divara söykəyərək sıxışdırdı, boğulan vəziyyətə saldı. Bu zaman bir-birimizə əl atdıq. Pünhan sağ qaşıma yumruq atdı. Mən də özümü müdafiə üçün yumruq atdım. Qaşımda hətta xəsarətin izi hələ də qalmaqdadır. Pünhan ondan yenə də əl çəkmədi, hətta araya bir qadın da girdi, o qadına da vurdu, qadının başında xəsarət yarandı. Daha sonra mənə söyüşlər söydü. Mən yenə də ucundan tutmadım ki, ortada böyük şey yoxdur. Müdiriyyətin otağında ərizə yazaraq Pünhanla aramızda problem olmadığını bildirdim. Hətta onun yerinə də yazdım ki, işdən çıxarılmayaq. Pünhan sakitləşmədi və məndən nömrəmi götürdü. Nömrəmi götürəndən biraz sonra zəng etdi. Lakin telefona cavab vermədim. Çünki həmin vaxt əsəbi olmuşdum".
Şahlar qeyd edib ki, bir müddət keçəndən sonra Pünhan ona zəng edib və deyib ki, Qara Qarayevə gəl, görüşək:
"Mən isə cavabımda bildirdim ki, ora gəlməyim alınmır, yorğunçuluqdur, işdən gec çıxıram. Telefonda danışanda hiss etdim ki, kənardan ona müdaxilələr var. Bəhanələr uydurdum ki, uzaqdır, gələ bilmirəm. Pünhan əl çəkmədi. Dedim ki, Alatava ərazisində qalıram, istəsən gələrəm, çay içərik, səndən orada da, iş yerində də üzr istəyərəm. Bu görüşə razılaşdıq. Mən aşağı düşdüm və gördüm ki, Pünhan Toyota "Prius" markalı avtomobillə gəlib. Həmin vaxt Pünhana qarşı gülərüz olmağa çalışdım, salamlaşdım. Pünhanla gələn qardaşın kim olması ilə maraqlandım, həmin vaxt çalışdım ki, kobud səslənməsin. Mən burada danışmalı olduğumuzu təklif etdim. Pünhan razılaşmayaraq başqa tanıdığı yer olduğunu, "ora gedək, qardaş taksidir" dedi. Mən mehribancasına həmin avtomobilə əyləşdim. Pünhan mənə qarşı aqressiya göstərməyə başladı. Pünhan iş yerində geyim otağında məni hədələmişdi ki, səni deşik-deşik edəcəm. Maşınla gedərkən dəfələrlə üzr istədim, lazım gələndə özümü qorxaq göstərdim ki, hadisə böyüməsin. Mən balaca bir məsələyə görə bıçaq haqq-hesabı yaranmasını istəmədim. Avtomobili saxlamasını istədim. Amma o saxlamadı. Elə bir fürsət yarandı ki, tıxacla əlaqədar sıxlaşma yarandı. Tıxacdan istifadə edərək dərhal avtomobildən düşdüm, ictimaiyyətə sığındım. Arxadan da özüm bilmədim, lakin bizi izləyən başqa avtomobil də olub. İctimaiyyətə sığınsam da, Pünhan arxamca gələrək sağ çiynimə əl atdı. Həmin anda "Pünhan, belə şeylər lazım deyil" dedim".
Təqsirləndirilən şəxs deyib ki, daha sonra Pünhan cibindən bıçağı çıxarıb:
"Bıçağı üstümə çəkən an çəkildim və bıçaqdan yayındım. Pünhan mənə yumruq atdı. Lakin yenə də ona cavab vermədim ki, bəlkə, bu yumruqla sakitləşər. Lakin həmin vaxt başıma böyük bir zərbə dəydi. Bu yumruq zərbəsi deyildi. Bundan sonra üzümə bıçaq atıldı və mən kənara çəkildim. Sağ və sol qolumda bıçağın izləri var. Üzümə bıçaq atılarkən yerdə özümü qorudum ki, üzümə bıçaq dəyməsin. Bir də gördüm ki, əlləri-qolları bağlı fiziki və psixoloji zorakılığa məruz qalıram. Həmin an gördüm ki, qulağımı kəsiblər. Bu faktı təsdiq edən fotoşəkillər də var. Ekspert də rəy verib ki, həqiqətən də qulağım kəsilib. Mənim kirayə qaldığım evdə geyinmədiyim gödəkçəmin içində bıçaq olub. Bıçağı gödəkçəmin cibində saxlamaqda məqsədim onu ortalıqda qoyaraq, kiminsə götürməsinin qarşısını almaq olub. Həmin gödəkçə hadisə vaxtı cırıldı. Mən də zorakılığın təsiri altında olmuşam. Ancaq daş atdım ki, çəkilsinlər. Bıçağın yerdə olduğunu görmüşəm və maşını cızmaq istədim. Avtomobili cızanda məni gördülər. Həmin an geri qaçmağa da halım olmadı. Həmin an nə etdiyimi xatırlamıram. Affekt vəziyyətində olmuşam".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahlar 9 il müddətinə azadlıqdan məhrum edilib, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli


