Bakının Qaradağ rayonunda 47 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində bu il yanvarın 4-də baş verib.
Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Samir yaşadıqları evin dəhlizində həyat yoldaşı Yeganə (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, aralarında yaranmış sözlü mübahisə zamanı arvadının bədəninin müxtəlif nahiyələrinə əl zərbələri yetirməklə ona xəsarət yetirib.
Samirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2012-ci ildə Yeganə ilə rəsmi olaraq evlənib və bu evlilikdən iki uşağı olub:
"2025-ci ildə rəsmi olaraq boşanmışıq. Hadisə günü, yəni 4 yanvar 2026-cı ildə, gecə saat 01:00-02:00 radələrində Yeganə evə gələndə ona "sən niyə bu vaxt evə gəlirsən?" deyə sual verdim. O isə mənə "sən kimsən ki, mənim evə gəldiyim vaxtı da sorğulayırsan, özüm bilərəm, yaxşı edirəm, gec gəlirəm" deyə cavab verdi. Bundan sonra aramızda mübahisə yarandı və Yeganə mənim valideynlərimi nalayiq ifadələrlə təhqir etdi. Bu zaman anidən əsəbləşərək onu sadəcə divara tərəf itələdim. Amma onu vurmamışam. Həmin vaxt özüm içkili olmuşam".
Təqsirləndirilən şəxsin sözlərinə görə, ailəsi ilə birlikdə yaşayıb, heç bir psixi xəstəliyi olmayıb və heç bir tibb müəssisəsində psixi xəstəliklə əlaqədar müalicə almayıb. O, boşanma səbəbinin isə həyat yoldaşı ilə münasibətlərinin pozulması, tez-tez aralarında mübahisələrin baş verməsi olduğunu qeyd edib: "Boşanandan sonra məhkəmə qərarına əsasən eyni evdə keçmiş həyat yoldaşımla birlikdə, sadəcə evin otaqlarını bölməklə yaşamalı olmuşuq. Son 1 ilə yaxın müddətdir ki, normal həyatlarımız davam edib. Bu isə gündəlik olaraq fəhlə kimi hər hansı tikintidə çalışaraq, günlük olaraq pulumu qazanıb evə alış-veriş edirdim. Bəzən isə hər hansı fəhləlik işi olmayanda evdə işsiz kimi qalırdım. Yeganə isə məlum hadisədən bir neçə ay əvvəl yaşadığımız evin yaxınlığında yerləşən marketdə satıcı kimi işə düzəldi və orada işləməyə başlayandan sonra da əksər vaxtlar gecə yarısı evə gəlirdi. Belə gec gəlməsinə heç vaxt qarışmamağımı, hərənin öz həyatını yaşamasını düşünürdüm".
Təqsirləndirilən şəxs qeyd edib ki, özü evdə olan zaman uşaqlarının analarını istədiklərinə görə ağlamağa başladıqlarını görüb: "Bundan ötrü isə Yeganəyə zəng vursam da, zəngimi açmadı. Uşaqlar ağlaya-ağlaya yatandan sonra, gecə saat 01:00 radələrində Yeganə evə gəldi. Ona evə niyə belə gec gəldiyini soruşsam da, o, həyatına qarışmamağımı söylədi. Bundan sonra aramızda mübahisə yarandı və o, valideynlərimi nalayiq ifadələrlə təhqir etdi. Bu zaman anidən əsəbləşərək Yeganəni vurdum".
Zərərçəkmiş Yeganənin sözlərinə görə, əri Samirlə 2025-ci ildə rəsmi olaraq boşanıb, boşanma səbəbi isə Samirin daimi olaraq tüfeyli həyat tərzi keçirməsi, spirtli içki aludəçisi olması, heç bir işinin olmaması olub.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Samir 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində yaşadığı ünvanı hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməsi qadağan olunub.
Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq tapşırılıb.
Fariz Məlikli


