Artıq geyinmək mümkün olmayan köhnə cins şalvarları atmağa tələsməyin. Möhkəm denim parçasından ev üçün müxtəlif praktik və dekorativ əşyalar hazırlamaq mümkündür.
Demokrat.az xəbər verir ki, "Martha Stewart"ın yazdığına görə, cins şalvarın xüsusilə cibləri və digər sağlam hissələri təkrar istifadə üçün əlverişlidir. Bunun üçün bəzi hallarda yalnız sadə tikiş bacarıqları tələb olunur.
1. İt üçün oyuncaq hazırlayın
Köhnə cinsin balaqları möhkəm parça olduğundan itlər üçün oyuncaq hazırlamağa uyğundur. Parçadan istənilən forma kəsilir, tikiş üçün pay saxlanılır və hissələr bir-birinə tikilir. İçərisinə doldurucu material və səs çıxaran kiçik oyuncaq yerləşdirmək mümkündür.
2. Xatirə cinsini çərçivəyə salın
Xüsusi xatirələrlə bağlı olan köhnə cins şalvar dekorativ əşyaya çevrilə bilər. Mütəxəssislər belə geyimlərin çərçivəyə salınaraq evdə şəxsi xatirəni əks etdirən dekor kimi istifadə olunmasını təklif edirlər.
3. Cibdən dekor hazırlayın
Cins şalvarın cibini kəsərək ondan dekorativ bəzək hazırlamaq olar. Cibin üzərinə tikmə ilə söz və ya müxtəlif naxışlar əlavə etməklə fərdi görünüş yaratmaq mümkündür.
4. Mebel üzlüyündə istifadə edin
Denim kifayət qədər davamlı parça olduğundan köhnə cinslər kreslo və divanların üzlüyünün yenilənməsi üçün də istifadə oluna bilər. Bu üsul həm köhnə parçanın təkrar istifadəsinə, həm də mebelin görünüşünün dəyişdirilməsinə imkan verir.
5. Ciblərdən saxlama yeri kimi yararlanın
Cinslərin cibləri adətən şalvarın digər hissələrindən daha uzun müddət salamat qalır. Onları səliqə ilə kəsib divara, lövhəyə və ya başqa səthə tikməklə açar, telefon, rəsm ləvazimatları və digər xırda əşyaları saxlamaq üçün istifadə etmək olar.
6. Yamaq hazırlayın
Cins şalvar artıq tamamilə yararsız vəziyyətə düşübsə, ondan kiçik parçalar kəsib yamaq kimi istifadə etmək mümkündür. Məsələn, uşaq geyimlərinin dirsək və diz hissələrində bu parçalar həm praktik, həm də dekorativ funksiya daşıya bilər.
7. Önlük hazırlayın
Qalın denim parçası evdə və yaradıcılıq işləri zamanı geyimləri çirkdən qorumaq üçün də uyğundur. Köhnə cins şalvarı mətbəx önlüyünə və ya rəssam xalatına çevirmək mümkündür.
Beləliklə, köhnə cins şalvarları atmaq əvəzinə onların ayrı-ayrı hissələrindən istifadə etməklə həm ev üçün faydalı əşyalar hazırlamaq, həm də tekstil tullantılarının miqdarını azaltmaq olar.
Jalə


