Maraqlı

Yataq dəstini nə qədər tez-tez dəyişmək lazımdır?

Yataq dəstini nə qədər tez-tez dəyişmək lazımdır?

Statistikaya görə, insanların əksəriyyəti yataq dəstlərini və hamam dəsmallarını olduqca nadir hallarda yuyur.

Demokrat.az "Popular Science" nəşrinə istinadən xəbər verir ki, bu, kifayət qədər xoşagəlməz nəticələrə səbəb ola bilər.

Adətən çarşafların və dəsmalların bir-iki həftədən bir yuyulması tövsiyə edilir. Lakin "Sleep Advisor"ın araşdırmasına görə, insanlar bunu orta hesabla təxminən 24 gündə bir dəfə edir. Tək yaşayan kişilərdə isə vəziyyət, bir qayda olaraq, daha pisdir: onların əksəriyyəti yataq dəstlərinin yuyulmasını və ya dəyişdirilməsini dörd aya qədər təxirə salır. Ümumilikdə əhalinin 5 faizi yataq dəstlərini ildə cəmi bir-iki dəfə yuyur.

"Allergiya və immunologiya üzrə mütəxəssis doktor Sandra Ho bildirib: "Hər gün dərimizdən hüceyrələr tökülür və toz gənələri məhz bu hüceyrələrlə qidalanır. Buna görə də yuyulma vasitəsilə dəri hüceyrələrinin və toz gənələrinin müntəzəm şəkildə təmizlənməsi həyatımızın üçdə birini keçirdiyimiz yatağın təmiz saxlanmasına kömək edir".

Doktor Ho toz gənələrinə qarşı həssaslığı yüksək olan pasiyentlərə tövsiyə olunan rejimə əməl etməyi, çarşafları və dəsmalları bir-iki həftədən bir yüksək temperaturda yumağı məsləhət görür. Paltaryuyan maşında bu seçim varsa, "Çarşaflar" və ya "Dəsmallar" kimi xüsusi rejimlərdən də istifadə etmək olar.

Mikroblar, sporlar və digər hissəciklər hər gün təmasda olduğumuz bütün səthlərdə, hətta təmiz dəsmallarda belə yaşayır. Bakteriyaların çox sevdiyi tökülmüş dəri hüceyrələri və insan dərisində yaşaya bilən çoxsaylı mikroorqanizmlər dəsmalla qurulandığımız zaman parçaya keçir. Beləliklə, burada geyimdə və ya yataq dəstində olanlardan fərqli mikrob icması formalaşır.

Əslində, hər hamam qəbulundan sonra müxtəlif elementlərin bir-birinə qarışdığı ilkin bir "bulyon" yaradırıq. Dəsmallar və çarşaflar isə yuyulmadıqca daha çox mikrob və gənənin çoxaldığı ayrıca ekosistemlərə çevrilir.

Doktor Honun sözlərinə görə, bunun nəticələri kifayət qədər ciddi ola bilər. "Toz gənələrinə qarşı allergiya astmanın, allergik rinitin inkişafına, hətta ekzemanın kəskinləşməsinə səbəb olur", – deyə o bildirib.

Onun sözlərinə görə, bu simptomlar yalnız həyat keyfiyyətinə təsir etməklə qalmır, astma səbəbilə xəstəxanaya yerləşdirilmə, sinusit və ekzemanın kəskinləşməsi nəticəsində yaranan qaşıntı və sıyrıqlardan qaynaqlanan dəri superinfeksiyaları kimi fəsadlara da səbəb ola bilər.

Yataq dəstinə gəlincə, üzərində görünən ləkələrə, tər izlərinə, qırıntılara, çirkə və ya həşəratlara, həmçinin parçanın yapışqan və ya sürüşkən olmasına və, əlbəttə ki, qoxuya diqqət yetirmək lazımdır. Qoxu hamam dəsmalları üçün də ən narahatedici siqnallardan biridir.

Həkimlər hər gün dəsmalın hamamda asqıda nə qədər müddət qaldığına diqqət yetirməyi tövsiyə edirlər. Cəmi bir qədər vaxt keçdiyini düşünmək olar, lakin nəm mühitdə bakteriyalar çox sürətlə çoxalır.

Buna görə dəsmalları hətta həftədə bir dəfədən daha tez-tez dəyişmək və hər istifadədən sonra onları yaxşıca qurutmaq lazımdır.

Jalə