Bakının Qaradağ rayonunda 24 yaşlı oğlan sevgi münasibətində olduğu qıza təcavüz etməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Qobustan rayon sakini, 2002-ci il təvəllüdlü Babək 2023-cü il tarixdən tanıdığı Sara (adlar şərtidir – red.) ilə əvvəllər aralarında yaşanmış sevgi münasibətinin bitməsi və uzun müddət əlaqələrinin olmaması, həmçinin Saranın başqa şəxslə sevgi münasibətində olmasına özlüyündə əmin olmasından hiddətlənib.
İstintaq sənədlərinə görə, bu halların özünün şəxsiyyətinə zidd davranış olması qənaətinə gəlib və həmin hisslərin təsiri altında qeyd olunan məsələləri aydınlaşdırmaq niyyəti ilə gecə saat 01 radələrində Saranın yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən fərdi tikiliyə yaxınlaşaraq evin qapısını bir neçə dəfə döyüb.
Bundan sonra Sara tərəfindən qapının açılmasına nail olan Babək içəri daxil olub. O, Sara ilə həmin məsələləri aydınlaşdıra bilməyib və aralarında bu zəmində yaranmış mübahisə zamanı ondan qisas almaqla onu cəzalandırmaq məqsədilə zorla cinsi əlaqədə olaraq zorlamaq qərarına gəlib.
Bu niyyətlə Babək əvvəlcə Saranı itələyərək arxası üstə yaşadığı evin yataq otağında yerləşən çarpayı üzərinə yıxıb. Ona müqavimət göstərən Saranın sağlamlığına zərər vurmayan xəsarətlər yetirib, zorla intim əlaqədə olub.
İstintaq tərəfindən Babəkin barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə ittiham elan edilib və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən Babək ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, hadisə günü evə gəldikdə Sara evdə olub:
"Həmin gün Sara ilə qısqanclıq zəminində mübahisə etdik. Mən Saranın əmisi oğlu ilə həddindən artıq mehriban olduğunu düşünürdüm. O, isə bildirirdi ki, onların arasındakı münasibət şəxsi xarakterdə deyil.
Mübahisələrimiz bir müddət davam etdikdən sonra Sara kəmərimi götürərək məni boğmağa çalışdı. Həmin an ona bir şillə vurdum. Bundan sonra onun burnundan qan gəldiyini gördüm. Sara yeni burun əməliyyatından çıxdığından onun burnunun tikişi açıldı. Sonra Sara qonşuya qaçdı. Mən ona sakit olmağı və evə gəlməyi, özümün evdən gedəcəyimi bildirdim. O, isə evə gəlmək istəmirdi. Sara ilə həmin gecə cinsi əlaqədə olsaq da, ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişəm. Biz könüllü şəkildə cinsi əlaqədə olmuşuq".
Təqsirləndirilən şəxs bildirib ki, Saranı 2023-cü ildən tanıyıb:
"Həmin vaxt "Sədərək" Ticarət Mərkəzində işləyirdim. İşlədiyim mağazanın qarşısında parfumeriya mağazası açıldı. Sara həmin mağazada işə düzəldi. Onunla tanış olaraq bir müddət sonra birlikdə yaşamağa başladıq. Münasibətə yeni başlayan zaman Saranın ögey anası və ögey qardaşı ilə birlikdə yaşadıq. Sara yaşadığı Nəsimi rayonundan işə gəlib. Sonradan Lökbatanda ev tutduq. Mən, Sara və qohumları bir evdə yaşamağa başladıq. Saranın qohumlarından çəkindiyimdən onunla ayrı evdə qalmağa qərar verdik. 6 ay müddət ərzində birlikdə yaşadıq, bir müddət keçdikdən sonra Saranın doğma anası da bizimlə yaşamağa başladı. Birlikdə yaşamağa başladıqdan 6 ay sonra münasibətlərimizdə soyuqluq yarandı. Münasibətlərimiz soyuq olsa da, yenə də Sara ilə maraqlandım. Hətta burun əməliyyatı üçün onu xəstəxanaya özüm aparmışam. Saranın anasını harasa aparmaq lazım olduqda, onu da özüm aparmışam. Yəni, münasibətlərimizdə soyuqluq yaransa da, əlaqələrimiz davam edib".
Babək deyib ki, hadisə günü Saranı toyda görüb və daha sonra Saranın yanına, evə gedib və onunla cinsi əlaqədə olub:
"Bu əlaqədən sonra Saradan nəyə görə əmisi oğlu ilə yazışdığını soruşdum. O, isə əmisi oğlu ilə aralarında heç bir şəxsi münasibət olmadığını, yalnız bacı-qardaş kimi danışdıqlarını dedi. Özüm qısqanc olduğumdan mübahisə böyüməyə başladı. Həmin vaxt Sara ilə 11 aydır ki, münasibətdə və dini nikahda idik. Qısqanclığım səbəbindən aramızda soyuqluq yarandı. Münasibətlərimizdəki soyuqluğun yaranması keçən ilin ortalarına təsadüf edib. Buna baxmayaraq əşyalarım Saranın yaşadığı evdə qalıb. Həmin hadisədən öncə Sara ilə cinsi əlaqəmiz 5-6 ay əvvəl olub. Hadisə günü evə Saranın razılığı ilə girdim. Hadisə günündən əvvəl də evə gedib-gəlmişəm. Evin bir açarı olub, həmin açar da Sara da olub. Evə gəlmək lazım olduqda bunu Saraya bildirmişəm. Sara da açarı qapının ağzına qoyub".
Babəkin sözlərinə görə, məlum hadisənin baş verdiyi iddia olunan gün evə girəndə saat 00:30 radələri olub:
"Saranın xəsarətləri biz dalaşarkən yaranıb. Onu bir dəfə şillə ilə vurmuşam. Onun burnu qanadı. Bundan başqa, Sara əlimi dişlədiyindən mən də onun belini dişləmişəm. Cinsi əlaqə zamanı Saraya xəsarət yetirməmişəm, buduna və ya qarnına vurmamışam".
İş üzrə zərərçəkmiş Saranın sözlərinə görə, hadisə günü toyda olublar, toydan sonra Babək evə gəlib:
"Mən ilkin olaraq qapını açmaq istəməsəm də, sonradan qapını açdım. Əvvəlcə onunla söhbət etməyə başladım. Sonradan Babək cinsi əlaqədə olmağı təklif etdi. Mən də bu təklifi qəbul etdim. Əlaqədən sonra Babəklə mübahisə etməyə başladıq. Biz Babəkin qısqanclığına görə dalaşdıq. Babəklə mübahisələrindən sonra ondan qorxduğum üçün polisə zəng etdim. Polislər gəlməzdən öncə Babək getdi Polislər evə gəldikdən sonra məni polis şöbəsinə apardılar. Sonra isə Babək şöbəyə gətirildi".
Zərərçəkmiş ifadəsində göstərib ki, qohum toyundan sonra evə ilkin olaraq özü gedib, sonra da Babək gəlib: "Babəkə ilkin olaraq qapını açmamaq istəmədim. Səbəbdə onun içkili olması ilə əlaqədar olub. Onunla 2 ildir ki, dini nikahda olmuşuq, faktiki ailə münasibətindəydik. Biz həmin evdə yaşamışıq".
Zərərçəkmiş ifadəsində təqsirləndirilən şəxslə intim əlaqədə olduğunu, bunun zorlama faktı olmadığını deyib. Bildirib ki, faktiki ər-arvad münasibətində olublar.
Məhkəmənin hökmü ilə Babəkin Cinayət Məcələsinin 149.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməyib. Ona həmin maddə ilə Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilib, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli


