Xəbər verdiyimiz kimi, ombudsmanın aylıq vəzifə maaşı 3 060 manatdan 12 min manata qaldırılıb. Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib.
Bu isə sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Bildirilir ki, sadə vətəndaşların əməkhaqlarında artımlar az olur və bu artımlardan sonra ərzaq məhsulları, yanacaq və digər xərclərin bahalaşması gündəmə gəlir.
Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslının sözlərinə görə, maaşların artırılması pozitiv yanaşmadır, amma hamının maaşı artırılmalıdır:
"Tək parlament, Nazirlər Kabineti əməkdaşlarının, nazirlərin, SOCAR-ın rəhbər strukturlarının, Ombudsman, prokurorların deyil, adi işçinin, müəllim, əməkçi, həkimlərin də maaşı qaldırılmalıdır deyə düşünürəm. Çünki inflyasiya çox sürətlə gedir və maaşlar çatmır. Ona görə də Azərbaycanın böyük əksəriyyəti yoxsulluq səviyyəsində yaşayır. Ombudsmanın məsələsinə gəldikdə isə səhv etmirəmsə aylıq onsuzda 10-12 min arasında məvacib alırdı. Əlavə ödənişlər, mükafatlar kimi məvaciblər toplananda aylıq maaş həmin məbləğ edirdi. Sadəcə olaraq indi bütün hamısı toplanıb vahid maaş kimi təqdim olunur. Amma ümumilikdə isə təbii ki, anormal haldır ki, bir dövlətdə müəllim 800-900, amma Ombudsman 10-12 min manat maaş alsın. Burada ombudsmanın maaşını azaltmaq yox, müəllim, həkim, sadə insanların maaşını, minimum əmək haqqını qaldırmaq barədə düşünmək lazımdır".


