Sosial

"Ailədə hər kəs bərabərdir, amma tərəflərin rolları eyni deyil"

Ailədə hər kəs bərabərdir, amma tərəflərin rolları eyni deyil

Deputat Ceyhun Məmmədov ailə dəyərlərinin qorunması ilə bağlı ayrıca qanunun qəbul edilməsini təklif edib. O, Azərbaycanda ailə dəyərlərinin ciddi təhdidlərlə üz-üzə olduğunu və bu istiqamətdə müəyyən tənəzzülün müşahidə edildiyini bildirib.

Demokrat.az-a bu barədə danışan sosioloq Naib Niftəliyev bildirib ki, Ailə Məcəlləsinin mövcudluğu şəraitində ailə dəyərləri ilə bağlı ayrıca bir qanun qəbul edilməsinə ehtiyac yoxdur:

"Nə varsa, hansı qanunvericilik sistemindədirsə, bütün uyğun aktlar məhz bu Məcəllə ilə əlaqələndirilməlidir. Hansısa deklarativ qərar, sənəd və yaxud qanun qəbul edilə bilər. Yəni bu qanun problemin mahiyyətini, kökünü əhatə etmirsə, vəziyyəti dəyişmək iqtidarında olmayacaq. Tənəzzül, təbii ki, var və bu tənəzzül Azərbaycanda daxili faktorlarla yanaşı, xarici, kənar mənfi təsirlərlə də bağlıdır. Əgər biz bu tənəzzülün qarşısını almaq istəyiriksə, ailələrin qorunması, ailələrə müdafiə, boşanma mexanizminin bir qədər mürəkkəbləşdirilməsi, eləcə də xüsusən xarici vətəndaşlarla qurulan ailələrdə boşanma hallarının daha çox olması nəzərə alınaraq müəyyən baryerlərin və yaxud müəyyən süzgəcin, filtrin, yəni qanunvericilik sistemi baxımından ciddi təminat mexanizminin formalaşdırılmasını önə çəkməliyik".

Sosioloq əlavə edib ki, bu istiqamətdə belə qanunvericilik aktları və yaxud qərarlar qəbul edilərsə və Milli Məclisin müvafiq qanunvericilik təşəbbüsləri reallaşarsa, bu, daha məqsədəuyğun ola bilər:

"Bir qanunla, ailə dəyərlərinin qorunması ilə bağlı deklarativ yanaşma ilə problemi həll etmək mümkün deyil. Buna qalsa, Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması, dil, mədəniyyət, nitq mədəniyyətinin inkişafı ilə bağlı da müxtəlif qanunvericilik sənədlərində və yaxud müvafiq aktlarda müəyyən bəndlər var. Amma bununla yanaşı, sırf qanun qəbul etməklə məsələnin həlli tam olaraq reallaşmır. Ailə dəyərləri, təbii ki, çox önəmlidir. Onların qorunması, inkişafı və möhkəmləndirilməsi çox vacibdir. Funksional olaraq bu məsələlərin həlli ilə məşğul olan müvafiq qurumlar var və onların da önündə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gəlir. Müəyyən layihələr, tədbirlər həyata keçirilir, müvafiq tədqiqatlar da aparılır. Bu məsələlərlə bağlı həm cəmiyyət, həm də dövlət qurumları əhəmiyyətli dərəcədə məlumatlıdır və müəyyən həll strategiyaları, həll modelləri işlənib hazırlanır. Məsələn, himayədar ailə modeli müəyyən mənada ailəyə övladı olmayan, övlad əldə etmək istəyən və yaxud kiminsə övladlığa götürmək istədiyi ailələrə müəyyən sevinc və rifah vəd edir və müəyyən imtiyazlar da tanıyır. Bu, özlüyündə müsbət addımdır. Amma bu, kütləvi xarakter daşımalıdır. Yəni əhalinin yalnız problemli və yaxud daha həssas hissəsi deyil, hər bir təbəqənin özünəməxsus problemləri var və bütün təbəqələrin üzvləri vətəndaşlıq səviyyəsində bərabər şəkildə əhatə olunmalıdır".

Naib Niftəliyev qeyd edib ki, maddi imkanlar, nəzərə alınmalıdır:

"İlk növbədə daha çox ehtiyacı olanların problemləri effektiv şəkildə həll olunmalıdır. Digər tərəfdən, hər bir halda vətəndaşlara dəstək göstərilməsi valideynlərinin, yaxınlarının, doğmalarının imkanlarının olub-olmamasından asılı olmamalıdır. Dövlətin hər bir vətəndaşına qarşı öz dəstəyi çox önəmlidir. Təbii ki, bu dəstək var. Amma sosial təminat, sosial himayə məsələlərində müəyyən sərt qaydalar və güzəştsiz şərtlər də var ki, bu, bəzən həm ailə dəyərlərinin formalaşmasına, həm də, məsələn, boşanma tərəflərindən birinin məcburən aliment verməsinə və yaxud digər tərəfin məhz aliment almaq üçün boşanmasına təsir edə bilər. Başqa bir mənada, ailə dəyərlərinin ənənəvi çərçivədən kənara çıxması, kişinin ənənəvi rolunun ailədə itməsi, qadının gender bərabərliyi fonunda əslində məkanının daha çox genişlənməsi və bunun təbliğ və təlqin olunması da müəyyən təsirlər yaradır. Bəzən ailələrdə matriarxatizm də təbliğ olunur. Yəni hər ikisi yanlışdır. Ailədə hər kəs bərabərdir, amma tərəflərin rolları eyni deyil. Qadının qadın, kişinin kişi rolu var. Bu da birmənalı qəbul edilməli, dərk olunmalıdır. Burada uzlaşma, razılaşma, anlaşma, dəyərlər, hörmət və qarşılıqlı prinsip əsasında münasibətlər müəyyən edilməlidir. Ailə Məcəlləsində müvafiq nikah müqaviləsinin nəzərdə tutulması, ailə və tərəflərin hüquqları ilə bağlı müqavilənin müəyyən edilməsi, elə nikahın rəsmi olaraq müqavilə olması Ailə Məcəlləsinə əsaslanır. Digər faktorların əlavə edilməsi, müəyyən məsələlərin hüquqi müstəvidə həll olunması çox önəmli amillər sırasındadır. Çalışmalıyıq ki, bu məsələlərin həllində məqsədyönlü qərarlar qəbul olunsun. Amma düşünmürəm ki, bir qanunla və yaxud bir neçə qanunla bu məsələ həll olunacaq. Bu məsələ ailə siyasəti və sosial siyasətlə bağlı olan bir amildir. Ailə siyasəti nə qədər effektiv və səmərəli olarsa, ailələrə sosial dəstək, ünvanlı dəstək, məqsədyönlü və peşəkar xidmətin formalaşması, işsizlik, məşğulluq, rifah və mənzil-məişət problemlərinin həlli istiqamətində dəstəyin göstərilməsi bu tənəzzülü əhəmiyyətli dərəcədə ləngidə və aradan qaldıra bilər. dAdımlar mərhələli və məqsədyönlü olmalıdır. Hər bir halda atılan addımların planlı, məqsədli və müəyyən mənada hiss etdirilməyən, yəni daha çox sosial, təbii sosial təsir formasında baş verməsi daha realdır. Əgər biz məqsədli şəkildə nəyisə təbliğ ediriksə və yaxud nəyinsə əksinə təbliğat aparırıqsa, əslində onu stimullaşdırmış oluruq. Ona görə görünməyən təsir metodları və real müdaxilə ilə müəyyən məsələlərin daha zamanında, anında və məkanında tənzimlənməsi daha faydalı və effektivdir".

FH
Fidan Hacızadə
Müxbir