Şou-biznes

"Güllü işi" başlayır: Kim nədə ittiham olunur?

Güllü işi başlayır: Kim nədə ittiham olunur?

Türkiyənin Yalova bölgəsində 26 sentyabr 2025-ci ildə şübhəli şəkildə həyatını itirən müğənni Güllünün ölümü ilə bağlı məhkəmə prosesinə bu gün başlanılır.

Demokrat.az xəbər verir ki, iş üzrə müğənninin qızı Tuğyan Ülkəm Gülter "qəsdən və əvvəlcədən planlaşdıraraq öldürmə" ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzası tələbi ilə mühakimə olunur. Təfərrüatları CNN TÜRK komandasından Merve Tokaz çatdırıb.

Yalova Ədliyyəsində kritik iclas

Türkiyənin günlərlə müzakirə etdiyi həmin şübhəli ölüm sentyabrın 26-da baş vermişdi. Müğənni Güllü Yalovanın Çınarcıq rayonunda yerləşən evinin altıncı mərtəbəsindəki pəncərədən şübhəli şəkildə düşərək həyatını itirmişdi. Ölümü ilə bağlı başlanan istintaq çərçivəsində həmin an onun yanında olan və bəlkə də ilk baxışda ən son şübhələniləcək şəxs olan qızı Tuğyan Ülkəm Gülter yaxın rəfiqəsi Sultan Nur Ulu ilə birlikdə saxlanılmışdı. Onların bura ilk gətirildiyi zaman Tuğyan Ülkəm Gülterin dediyi ilk söz "Anamı mən öldürmədim" olmuşdu.

Beləliklə, istintaq təxminən 11 ay ərzində tamamlanıb. Yalova Baş Prokurorluğunun hazırladığı ittiham aktında Tuğyan Ülkəm Gülterin üstsoya qarşı əvvəlcədən planlaşdıraraq qəsdən adam öldürmə ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilməsi tələb olunub. Barəsində ev dustaqlığı qərarı verilən Sultan Nur Ulu da bu iş üzrə təqsirləndirilən şəxslərdən biridir.

Yəni bugünkü iclasda iki təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxacaq. Onlar hakim kürsüsü qarşısında özlərinə qarşı irəli sürülən ittiham və iddialara cavab verəcəklər.

İttiham aktında diqqətçəkən detallar

Hazırlanan ittiham aktında diqqət çəkən bir sıra detallar var. Onlardan biri də "Malkata" detalıdır. İttiham aktında Tuğyan Ülkəm Gülterin Güllünün ən çox sevdiyi mahnı olan "Malkata"nı həmin anda bilərəkdən səsləndirdiyi, bununla Güllünün pəncərədən düşdüyü otağa gəlməsini təmin etdiyi və hadisənin əvvəlcədən planlaşdırıldığı qeyd olunur.

Digər tərəfdən, Güllünün qızı Tuğyan Ülkəm Gülterin anasını pəncərədən saldığı anlara dair səs yazılarında "Hadi görüşürüz" ("Hələlik, görüşərik") ifadəsinin yer aldığı bildirilir. Ekspertiza rəyi ilə həmin səsin Tuğyan Ülkəm Gülterə aid olduğu müəyyən edilərək istintaq materiallarına əlavə olunub. Hazırlanan ittiham aktında da "Hadi görüşürüz" ifadəsinin Tuğyan Ülkəm Gülter tərəfindən anasını pəncərədən atarkən işlədilən söz olduğu vurğulanıb.

"Bir gün səni öldürəcəyəm"

İttiham aktında yer alan digər mühüm məqam Tuğyan Ülkəm Gülterlə Güllü arasındakı problemli münasibətdir. Şahid ifadələrinə əsasən, Tuğyan Ülkəm Gülterin daha əvvəl anasına "Bir gün səni öldürəcəyəm" məzmununda dəfələrlə mesajlar göndərdiyi və buna bənzər ifadələr işlətdiyi müəyyən edilib. Bu məlumatlar da ittiham aktında yer alıb.

Bundan əlavə, Yalova Baş Prokurorluğunun hazırladığı ittiham aktında Tuğyan Ülkəm Gülterin keçmiş sevgilisi ilə birlikdə bu ölüm planını iki ay əvvəl hazırladığı və bununla bağlı əvvəlcədən psixoloji hazırlıq prosesi keçdiyi qeyd olunub.

Bu gün məhkəmədə nə gözlənilir?

11 aydır həbsdə olan təqsirləndirilən şəxs ilk dəfə hakim qarşısına çıxacaq. O, məhkəmə heyətinin suallarını cavablandıracaq, vəkillər isə proses zamanı müdaxilə edə biləcəklər. Tərəflərin qarşılıqlı şəkildə müdafiə və izahatlarının dinlənilməsi gözlənilir.

Bu gün qərarın çıxarılması ehtimalı yüksək görünmür. Bununla belə, iclasın sonunda məhkəmə heyəti aralıq qərar qəbul edərək məhkəmə prosesini başqa tarixə təxirə sala bilər.

Jalə