Maraqlı

100 yaşlı qadından uzunömürlülüyün 5 sadə sirri - Hər səhər nə yeyir?

100 yaşlı qadından uzunömürlülüyün 5 sadə sirri - Hər səhər nə yeyir?

100 yaşını keçən Natali Qreqer uzun ömür sürməsinin dəqiq səbəbini bilmədiyini desə də, gündəlik həyatında illərdir davam etdirdiyi bir sıra vərdişlərin olduğunu bildirir.

Demokrat.az xəbər verir ki, "Today" nəşrinin məlumatına görə, 1925-ci ildə Nyu-Yorkda anadan olan Natali Qreqerin oktyabr ayında 101 yaşı tamam olacaq. O, uzun illər telefon operatoru işləyib, həyat yoldaşı ilə 68 il evli olub. Onların iki övladı, dörd nəvəsi və altı nəticəsi var.

Uzunömürlülüyün sirri barədə danışan qadın konkret reseptinin olmadığını deyir: "Sadəcə həyata açıq olmaq və onu olduğu kimi qəbul etmək lazımdır. Həyatdan zövq almaq lazımdır".

Qreqerin uzun illərdir əməl etdiyi əsas vərdişlər bunlardır:

1. Sağlam qidalanmaq

Qreqer hər səhər yeməyinə göyəm (qaragilə) əlavə edir. O, bu meyvəni çox sevdiyini deyir. Bundan başqa, alma və avokadonu da mütəmadi olaraq qəbul edir.

Bununla belə, 100 yaşlı qadın konkret pəhriz saxlamadığını və ümumilikdə hər cür qida yediyini bildirir. Onun menyusunda hətta donuz əti və şokolad da var. Səhər yeməyi bəzən iki yumurta, donuz əti və ingilis mafini ilə başlayır.

Mütəxəssislər isə uzunömürlü insanların müəyyən qidaları qəbul etməsini həmin qidaların ömrü uzatdığının sübutu kimi qiymətləndirməməyi tövsiyə edirlər.

2. Rəqs etmək

Qreqer gənclik illərindən rəqsi sevir. O, həyat yoldaşını da rəqs etməyə öyrədib və cütlük hər bazar günü musiqi sədaları altında evdə rəqs edib.

İndi hərəkət imkanları əvvəlki kimi olmasa da, qadın oturaraq belə musiqi ilə hərəkət edir. Rəqsin ürək-damar sağlamlığına, tarazlığa və koordinasiyaya müsbət təsir göstərə bildiyi, həmçinin əhval-ruhiyyəni yaxşılaşdırdığı bildirilir.

3. Hobbilərə vaxt ayırmaq

Qreqer uşaqlıqdan toxuculuqla məşğul olub. Uzun illər ərzində yorğan, papaq və sviterlər toxuyub. Əl problemləri səbəbindən bu məşğuliyyəti bir neçə il əvvəl dayandırıb.

Hazırda isə iPad-də pasyans oynayır, dostları ilə kart oyunlarına vaxt ayırır. Belə fəaliyyətlərin yaşlı insanlarda zehni aktivliyin qorunmasına kömək edə biləcəyi qeyd olunur.

4. Həyatı həddindən artıq ciddi qəbul etməmək

Qreqer stressi həyatın qaçılmaz hissəsi hesab edir, lakin problemlər üzərində uzun müddət düşünməməyə çalışdığını deyir.

"Xoşbəxt insanam. Gülməyi və zarafat etməyi sevirəm", – deyə o bildirib.

Araşdırmalara görə, uzunmüddətli və güclü stress orqanizmdə qocalma prosesini sürətləndirə bilər. Emosiyaları idarə etmək və psixoloji dayanıqlıq isə bu təsirlərin azalmasına kömək edə bilər.

5. Optimist olmaq

Qreqer özünü optimist insan kimi xarakterizə edir. Onun sözlərinə görə, həyatında çətin dövrlər olsa da, gələcəyə müsbət baxmağa çalışıb.

Elmi araşdırmalarda da optimizmlə daha uzun ömür arasında əlaqə müşahidə edilib. Bunun mümkün səbəbləri arasında daha sağlam həyat tərzi, stressin daha yaxşı idarə olunması və çətin vəziyyətlərə daha konstruktiv yanaşma göstərilir.

Beləliklə, 100 yaşlı qadının gündəlik vərdişləri mürəkkəb qaydalardan çox, hərəkətli olmaq, sevdiyi məşğuliyyətlərə vaxt ayırmaq, sağlam qidalanmaq və həyata müsbət yanaşmaq üzərində qurulub.

Jalə