Maraqlı

Bir qədəhlə dəyişən tarix: Zəhərlə öldürülən məşhur şəxsiyyətlər

Bir qədəhlə dəyişən tarix: Zəhərlə öldürülən məşhur şəxsiyyətlər

Tarixdə hökmdarları, sərkərdələri və siyasətçiləri aradan götürmək üçün həmişə qılınc və silahdan istifadə edilməyib. Bəzən bir qədəh şərab, bir boşqab yemək, hətta adi çətir bütöv dövlətlərin taleyini dəyişib. Zəhər səssiz işlədiyi, ölümün xəstəlik kimi göstərilməsinə imkan verdiyi üçün saray çevrilişlərinin ən qorxulu silahlarından biri sayılıb.

Sokrat – məhkəmənin təqdim etdiyi zəhər

Eramızdan əvvəl 399-cu ildə Afinada ölümə məhkum edilən filosof Sokrat baldırğan zəhəri içərək həyatını itirib. Onun ölümü gizli sui-qəsd deyil, rəsmi hökmün icrası idi. Sokrata gəncləri yanlış istiqamətə yönəltmək və şəhərin qəbul etdiyi tanrılara inanmamaq ittihamları irəli sürülüb. Filosofun zəhəri sakit şəkildə içməsi və son ana qədər tələbələri ilə danışması tarixdə ən məşhur edamlardan birinə çevrilib.

İmperator Klavdi – ölüm gətirən göbələk

Roma imperatoru Klavdinin eramızın 54-cü ilində zəhərli göbələklə öldürüldüyü ehtimal edilir. Qədim tarixçilər sui-qəsdin arxasında onun həyat yoldaşı Kiçik Aqrippinanın dayandığını yazıblar. Məqsəd Aqrippinanın oğlu Neronu taxta çıxarmaq idi. Rəvayətə görə, Klavdi ilk zəhərlənmədən sonra özünə gəlib. Bundan sonra onun boğazına qusdurmaq bəhanəsi ilə zəhər sürtülən lələk salınıb. Klavdinin ölümü ilə Neron imperator olub. Müasir tarixçilərin bir hissəsi isə imperatorun xəstəlikdən və ya təsadüfən zəhərli göbələk yeməsi nəticəsində ölə biləcəyini bildirir.

Neronun qarşısındakı son maneə

Klavdinin doğma oğlu Britannikus atasının ölümündən sonra Neron üçün təhlükə sayılırdı. Qədim mənbələrə görə, Britannikusun içkisinə əvvəlcə isti su əlavə olunub. O, içkinin isti olduğunu söylədikdə qaba soyuq, lakin zəhərli su tökülüb. Gənc şahzadə süfrə arxasında dünyasını dəyişib. Neron isə qonaqlara onun epileptik tutma keçirdiyini deyərək yeməyə davam etmələrini istəyib.

Böyük İsgəndər həqiqətən zəhərləndi?

Böyük İsgəndər eramızdan əvvəl 323-cü ildə Babildə, cəmi 32 yaşında vəfat edib. Bəzi qədim müəlliflər onun ziyafət zamanı içdiyi şərabla zəhərləndiyini yazıblar. Şübhələr İsgəndərin sərkərdələrinə, saray xidmətçilərinə, hətta Aristotelə qədər uzanıb. Lakin ölüm prosesi təxminən 12 gün davam etdiyi üçün bir çox tədqiqatçı zəhərlənmə versiyasını qəbul etmir. Malyariya, qarın yatalağı, pankreatit və müxtəlif infeksiyalar da mümkün səbəblər sırasında göstərilir. Buna görə İsgəndərin ölümü tarixin ən böyük müəmmalarından biri olaraq qalır.

Çətirin ucundakı gizli silah

Bolqar yazıçı Georgi Markovun ölümü zəhərli sui-qəsdlərin ən qeyri-adi nümunəsidir. O, 1978-ci ildə Londonda avtobus gözləyərkən ayağında yüngül sancı hiss edib. Markov arxaya çevriləndə çətirini yerdən qaldıran naməlum kişini görüb. Bir neçə gün sonra yazıçı ölüb. Müayinə zamanı onun ayağından içərisində risin olan kiçik metal kürəcik aşkarlanıb. Hadisə tarixə "bolqar çətiri" sui-qəsdi kimi düşüb.

Azərbaycan tarixində müəmmalı ölümlər

Azərbaycan tarixində də zəhərlənmə şübhəsi ilə bağlı məşhur hadisələr var. Quba xanı Fətəli xan 1789-cu ildə Bakıda qəfil vəfat edib. Bəzi mənbələr onun xəstəlikdən öldüyünü, digərləri isə siyasi rəqibləri və ya II İrakli tərəfindən zəhərləndiyini iddia edir. Lakin zəhərlənmə versiyasını qəti təsdiqləyən sübut yoxdur.

Qarabağ xanlığının banisi Pənahəli xanın 1763-cü ildə Şirazda müəmmalı şəkildə öldüyü bildirilir. Mənbələrdə onun Kərim xan Zənd tərəfindən hiylə ilə saxlanıldığı və qətlə yetirildiyi qeyd olunur. Hadisənin detalları barədə müxtəlif rəvayətlər olduğundan ölümün konkret üsulu hələ də mübahisəlidir.

Nəriman Nərimanovun 1925-ci ildə Moskvada qəfil vəfatı da zaman-zaman zəhərlənmə iddiaları ilə əlaqələndirilib. Rəsmi səbəb ürək tutması göstərilib, onun zəhərləndiyini təsdiqləyən mötəbər sənəd isə aşkarlanmayıb.

Zəhər tarix boyu yalnız insanı deyil, həqiqəti də öldürmək üçün istifadə olunub. Min illər sonra belə bəzi ölümlərin xəstəlik, intihar, yoxsa planlaşdırılmış siyasi qətl olduğunu dəqiq müəyyənləşdirmək mümkün deyil. Məhz buna görə saray süfrəsindəki bir qədəh bəzən döyüş meydanındakı minlərlə əsgərdən daha təhlükəli olub. (lent.az)

Demokrat.az

NE
Nihadə Eyyubova