Kriminal

Kişini videoya çəkib şantaj edən şəxslərə cəza verildi

Kişini videoya çəkib şantaj edən şəxslərə cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmə və bank kartından pul oğurlamaqda təqsirləndirilən Şəbnəm İsmayılova, Əvəz Məlikov (soyadı şərtidir) və Cəmilə Səmədovanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Demokrat.az pravda.az-a istinadən xəbər verir ki, hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü Şəbnəm İsmayılova ilə Cəmilə Səmədovanın hər biri 6 il 6 ay və Əvəz Məlikov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Onlara elan edilmiş ittihamdan Cinayət Məcəlləsinin 177.2.5-ci (oğurluq) maddəsi xaric olunub.

İttihama görə, Şəbnəm İsmayılova, Əvəz Məlikov və Cəmilə Səmədova əvvəlcədən əlbir olaraq özgə əmlakını talamaq məqsədilə aralarında vəzifə bölgüsü aparıblar.

Hadisələrin əsasını Şəbnəm İsmayılovanın Kamil Həsənzadəyə (soyadı şərtidir) olan 2 150 manat borcu təşkil edib.

Belə ki, Şəbnəm İsmayılova həmin borcu qaytarmaq məqsədilə Kamil Həsənzadəni 2025-ci il tarixdə, saat 14 radələrində Ağcabədi şəhəri, Ə.Bünyadov küçəsində yerləşən nömrəsiz evə dəvət edib.

İstintaqın versiyasına əsasən, Kamil Həsənzadə evdə Şəbnəm İsmayılova ilə cinsi əlaqədə olmaq üçün tamamilə soyunduğu vaxt evin həyətində gözləyən Əvəz Məlikov və Cəmilə Səmədova "WhatsApp" vasitəsilə verilən xəbərdən sonra mənzilə daxil olublar.

Daha sonra Cəmilə Səmədova Kamil Həsənzadəni mobil telefonla çılpaq vəziyyətdə videoya çəkib. Ardınca kişinin həmin görüntülərini yaxın qohumlarına göstərəcəkləri ilə bağlı ona hədə-qorxu gəliblər.

İttiham materiallarında göstərilir ki, təqsirləndirilən şəxslər bununla kifayətlənməyərək Kamil Həsənzadəyə fiziki xəsarətlər də yetiriblər.

Hər üç şəxs Kamil Həsənzadənin 1 ədəd qızıl üzüyünü və 1 ədəd "Samsung A10" markalı mobil telefonunu pulun verilməsinə zəmanət kimi götürüblər. Daha sonra ondan əvvəlcədən borclu olduğu 2 150 manatın silinməsi və əlavə olaraq 5 000 manat pul verilməsi tələb olunub.

Beləliklə, təqsirləndirilən şəxslər vahid niyyətlə ümumilikdə 7 150 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb ediblər.

Cinayət işində daha bir epizod isə Kamil Həsənzadənin bank kartından pul vəsaitinin köçürülməsi ilə bağlıdır.

İttihama görə, həmin gün saat 17:33-də Kamil Həsənzadə evdən getdikdən sonra təqsirləndirilən şəxslər zəmanət kimi götürdükləri mobil telefondan istifadə edərək "Birbank" mobil tətbiqinə daxil olublar. Onlar Kamil Həsənzadənin adına olan bank kartından 975 manat 89 qəpik məbləğində pul vəsaitini Cəmilə Səmədovanın adına olan bank kartına köçürüblər.

Beləliklə, ittiham tərəfinin mövqeyinə əsasən, həmin pul vəsaiti Kamil Həsənzadənin hesabından gizli şəkildə çıxarılaraq təqsirləndirilən şəxslər tərəfindən ələ keçirilib.

Hadisədən sonra Şəbnəm İsmayılova, Əvəz Məlikov və Cəmilə Səmədova saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.