Bakının Xəzər rayonunda 20 yaşlı oğlan tanışını bıçaqlayıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 29 iyul 2025-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı xətt avtobusunun sonuncu dayanacağının yaxınlığındakı "Ülvi İnşaat" mağazası tərəfdəki kafedə baş verib.
Cəlilabad rayon sakini, 2006-cı il təvəllüdlü Sahib kafedə tanışı Aminlə birlikdə həmin gün saat 21 radələrində görüşüb və danışaraq xeyli müddət söhbət etdikdən sonra saat 23:00 radələrində həmin kafenin qarşısında küçəyə çıxıb.
Küçədə söhbətlərini davam etdirərkən evə getmək istəyən Amin Sahibi də evlərinə yola salmaq üçün iki dəfə sifarişlə çağırdığı taksiyə minməkdən imtina etməsi səbəbindən aralarında mübahisə yaranıb. Aminin Sahib ilə kobud danışması onların mübahisəsini daha da şiddətləndirib. Bu zaman Sahib cibində gəzdirdiyi turist bıçağını çıxarıb və həmin bıçaqla qisas almaq üçün Aminin qarın nahiyəsindən bir dəfə vurub.
Sahibin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.
İş üzrə izahat verən Sahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü Binəyə bibisigilə gedib:
"Zərərçəkmiş Amini öncədən tanıdığımdan və Binədə başqa tanışım olmadığından onu yeyib-içmək üçün kafeyə çağırdım. Biz kafedə yemək yedik. Kafedən çıxan zaman Amin məni söydü. Aminin mənə niyə elə dediyini anlamadım. Birlikdə 160 nömrəli avtobusun dayanacağına qədər getdik. Dayanacaqda Amin məni yenidən söydü. Mən isə üzərimdə olan bıçaqla Amini bir dəfə vuraraq qaçdım".
Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxsi yeyib-içmək üçün kafeyə dəvət etdiyini, zərərçəkmişlə söhbət etmək istədiyini, 1 il idi ki, onunla görüşmədiyini, zərərçəkmiş şəxsin ona heç bir səbəb olmadan "pesi" dediyini, kafedə olan zaman Aminin pivə, özünün isə su içdiyini, Aminin kafedən çıxan kimi onu söydüyünü və "pesi" dediyini, Amindən onu söyüb-söymədiyini soruşduğunu, Aminin isə onu söydüyünü təsdiqlədiyini deyib.
O bildirib ki, həmin yerdə çox adam olduğundan orada Amini vurmayıb: "Onu daha irəlidə uyğun bir yerdə vurmaq üçün uyğun vaxtı gözlədim. Onu dayanacaqda vurdum. Ətrafda tanımadığım şəxslər olsa da, heç kəs bizə yaxın gəlmədi. Amini vurandan sonra mənə müqavimət göstərmədi və söymədi. Amini vuraraq qaçdıqdan sonra arxamca yaralı halda qaçmaq istədi. Bu zaman Amin yıxıldı. Amin mənə qeyrətsiz dedi və bu sözdən sonra onu bıçaqla vurdum".
İş üzrə zərərçəkmiş Amin ifadəsində göstərib ki, onlar hadisə günü, gecə saat 11 radələrində Sahib ilə görüşüb:
"Mən pivə, Sahib isə bizon içdi. Evə qayıtmaq istəyən zaman Sahib xəbərim olmadan birdən-birə məni bıçaqla vurdu. Təqsirləndirilən şəxslə barışmışam, ona qarşı heç bir şikayət və tələbim yoxdur".
Zərərçəkmiş qeyd edib ki, Sahib onu bıçaqla vurmasından öncə aralarında mübahisə olmayıb:
"Mənim həmin vaxt Sahibi yola salmaq üçün taksi saxladım. Hadisə vaxtı yanımda Rahib adlı uşaq olub. Başım Rahibə qarışdığı zaman Sahib yan tərəfdən qəfildən bıçaqla vurdu. Özüm ümumiyyətlə Sahibə qarşı təhqiramiz ifadə işlətməmişəm".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib 6 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli


