İşini itirən və kredit öhdəliyi olan şəxslərin qarşılaşdığı əsas problemlərdən biri aylıq ödənişləri davam etdirməkdir. Xüsusilə dövlət işindən ixtisar olunan və yeni iş tapana qədər gəliri olmayan şəxslər üçün kredit ödənişlərinin təxirə salınması və ya güzəştlərin tətbiqi məsələsi aktuallaşır.
Bəs belə hallarda banklar müştərilərə hansı güzəştləri edə bilər?
Bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında qeyd edib ki, bu sahədə istər dövlət, istərsə də özəl müəssisələrdə işini itirən şəxslər üçün qanunvericilik bazasında qoruyucu və tənzimləyici mexanizmlər olmadığına görə, bir neçə mexanizmin tətbiq olunmasını təklif etmək olar:

"Birinci növbədə, geniş yayılmış kredit tətili və yaxud kredit ödənişlərinə müəyyən müddət fasilə verilməsi imkanından istifadə etmək olar. Bunun üçün də dövlət tərəfindən dəstəklənən bir mexanizm olmalıdır. Çünki banklar pul vəsaiti cəlb edərək müştərilərinə kredit şəklində təqdim edir. Müştəri gecikmələrə yol verərsə və yaxud ödəniş qabiliyyətini itirərsə, bankın öz öhdəliklərini icra etməsi üçün müəyyən dərəcədə dəstək mexanizmi olmalıdır ki, bank öz müştərisinə müəyyən güzəşt verə bilsin və kredit ödənişləri müəyyən müddətə dayandırılsın və ya fasilə verilməsi mümkün olsun. Bunu müəyyən sayda tətbiq etmək olar. Məsələn, bir kredit müddəti ərzində bir və ya iki dəfə belə bir imkanın verilməsi təklif kimi irəli sürülə bilər. Amma əsas məsələ banklara dəstək göstərilməsidir. Çünki bank krediti verəndə vəsaiti cəlb edir, yumşaq desək, həmin vəsaiti müştəriyə satır. Müştəri ödəniş etməsə belə, bank cəlb etdiyi vəsaiti geri qaytarmalıdır. Bankın da həmin vəsaiti geri qaytarması üçün maddi və maliyyə resursları olmalıdır. Bu baxımdan, dövlət və yaxud donor təşkilatlar, investisiya fondları tərəfindən, xüsusilə də dövlət tərəfindən müəyyən dəstək mexanizmi yaradılmalıdır ki, banklar öhdəliklərin icrasında müəyyən güzəştlər edə bilsinlər".
Ekspertin sözlərinə görə, bunu tənzimləyəcək ayrıca bir qurum olsa, daha yaxşı olar:
"Yəni belə bir mexanizmlə çalışan qurum yaradıla bilər. Məsələn, işsizlikdən sığorta fondu var və şəxs işsiz qalanda müəyyən müddət ərzində işsizlik müavinəti ala bilir. Belə bir məntiqdə kredit ödənişlərinin sığortası və ya kredit ödənişlərinin kompensasiyası üzrə ayrıca fond və ya qurum yaratmaq olar. Şəxs işdən çıxanda və yaxud iş yerini, əməkhaqqısını itirəndə, əməkhaqqının məbləği azalanda kredit öhdəlikləri və kredit ödənişləri ilə bağlı hər hansı bir çətinlik yaranarsa, həmin quruma müraciət edə bilər. O qurum müəyyən müddət ərzində onun kredit ödənişlərini həyata keçirə və ya müəyyən ödənişlərini qarşılaya bilər. Şəxs işə bərpa olunduqdan və ya yenidən gəlir əldə etməyə başladıqdan sonra isə həmin qurumun ödədiyi məbləğləri müəyyən şərtlər və güzəştli şərtlər müqabilində geri qaytara bilər".
Emin Kərimov bildirib ki, buna kredit ödənişlərinin sığortası və yaxud kredit ödənişlərinin kompensasiya mexanizmi kimi yanaşmaq olar:
"Yəni şəxs kredit götürəndə bir növ əmin olmalıdır ki, ödəniş qabiliyyətini itirdiyi halda, müəyyən şərtlərlə bu qurumun dəstəyindən istifadə edə biləcək. Ümumiyyətlə, kredit götürərkən şəxs, ilk növbədə, onun qaytarılma yollarını və mənbələrini müəyyən etməlidir ki, sabah problemlərlə üzləşməsin. Belə bir mexanizmin olması isə həm bankların kredit portfelinin daha rahat və səmərəli qaydada idarə olunmasına dəstək verər, həm də şəxslərin kredit tarixçəsinin korlanmasının və toksik aktivlərin yaranmasının qarşısını almağa müsbət təsir göstərə bilər. Hazırkı qanunvericilik bazasında müəyyən dəyişikliklər etməklə, sadalanan mexanizmləri, xüsusilə də işsiz şəxslərin kreditlərinin ödənilməsi mexanizmini bazara yerləşdirmək və təklif etmək olar. Bu, həm şəxslərin kredit tarixçəsinin korlanmasının qarşısının alınmasına, həm onların maddi vəziyyətinə dəstək göstərilməsinə, həm də dolayısı ilə bankların maliyyə vəziyyətinin stabil qalmasına, kredit portfelinin daha səmərəli və gəlirli idarə olunmasına müsbət təsir göstərmiş olar".


