Türkiyə serialları Azərbaycanda geniş auditoriya tərəfindən izlənilir və ekran əsərlərindəki obrazlar gündəlik həyatın müxtəlif sahələrində, o cümlədən ad seçimində də müəyyən təsir göstərə bilir. Son dövrlərdə bəzi valideynlərin övladlarına serial qəhrəmanlarının adlarını verməsi bu məsələyə diqqəti artırıb.
Bəs serialların ad seçiminə təsiri Azərbaycan cəmiyyətində advermə ənənələrinin dəyişməsindən xəbər verirmi?
Sosioloq Naib Niftəliyev Demokrat.az-a bu barədə açıqlamasında deyib ki, türk mentaliteti və dəyərləri Azərbaycan cəmiyyətinə kifayət qədər yaxındır.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti də türk dünyasının ayrılmaz bir parçasıdır:
"Buna görə də istər Türkiyə seriallarının, istərsə də digər türk ölkələrinin yazıçılıq əsərlərinin, seriallarının, bədii filmlərinin Azərbaycan cəmiyyəti üçün həssas və doğma olduğu qəbul edilir. Ad seçimində də düşünürəm ki, fövqəladə və gözəçarpan bir xüsusiyyət yoxdur. Biz vaxtilə Hind filmləri dəbdə olanda insanların həmin filmlərdəki obrazların adlarını öz yaxınlarına, doğmalarına verdiklərini görmüşük. Bu, həyat tərzinin bir hissəsi, bir normadır.
Amma təbii ki, geniş izlənilən serialların məzmununun, kontentinin, mahiyyətinin, sosial-etik dəyərlər baxımından bizim mentalitetə nə dərəcədə uyğun olması məsələsində müəyyən fikir ayrılıqları və fərqlər var. Cəmiyyətdə elə məsələlər və dəyərlər var ki, Türkiyənin, xüsusən şəhərləri ilə kəndləri, nisbətən ucqar şəhərləri və icmaları arasında da müəyyən fərqlər mövcuddur. Həmin fərqlər də görünür. Müəyyən kəsim Azərbaycan cəmiyyətinə uyğun və çox yaxındır. Müəyyən kəsim isə modern, hər halda Avropa cəmiyyətinin dəyərlərindən bəlkə də həddindən artıq üstündür. Elə şəraitlər, qaydalar, qərarlar var ki, Türkiyə cəmiyyətinin müəyyən kəsimində onlar çox açıq, azad fikirli və tam fərqli ifadə tərzinə malikdir. Bu da ad seçimində və davranışlarda öz təsirini göstərə bilir.
Valideynlərin hansısa serialın qəhrəmanlarını ideallaşdırması, övladlarına onların adını verməsi, xüsusən müsbət qəhrəmanların adlarının populyarlaşması və kütləvi şəkildə yayılması təbii ki, cəmiyyət səviyyəsində aktual olan bir məsələdir. İnsanlar düşünürlər ki, əgər kimsə bir qəhrəman obrazının adını daşıyırsa, o qəhrəman kimi olmalıdır. Sanki o serialda gördükləri həyatı reallıqda öz övladlarının vasitəsilə görmək, daşımaq və yaşamaq istəyirlər. Bu, başa düşülən və qəbul ediləndir. Amma hər adın da, öz xüsusiyyəti var. Hər qəhrəman da öz adı ilə fərqlənir. Amma hər qəhrəmanın adını kiməsə qoymaqla həmin şəxs qəhrəman olmur. Qəhrəmanı, öncə, həm tarixi şərait, həm vəziyyət, həm də təlim-tərbiyə, ata-ananın nəsihəti formalaşdırır. Bu, o cümlədən ata-ananın tərbiyəsi və rifahı ilə də bağlı olan məsələdir".
Sosioloq əlavə edib ki, istənilən halda qəhrəman olmaq üçün həmin şəxsin adını daşımaq kifayət deyil:
"Serial qəhrəmanı real, gerçək qəhrəman demək deyil. Bu məqama diqqət yetirmək lazımdır. Ümumiyyətlə, ad verməklə bağlı müxtəlif ənənələr var. Hər bir halda şərtlər və qaydalar bəllidir və düşünürəm ki, adlara münasibətin dəyişməsindən söhbət gedə bilməz. Övladın adını valideynlər qoyur. Nənə-baba və yaxud ata-ana bu adları seçir, yaxın qohumlardan kimsə sadəcə təklif edir. Əmilər, bibilər, xalalar, dayılar da ad qoyma mərasimində iştirak edirlər. Dostlar, tanışlar, yaxınlar, qohumlar, el-oba, qohum-qonşu, əqrəba da rol oynayır. Bu ənənələr Azərbaycan cəmiyyətində qalır. Sadəcə hansısa bir qəhrəmanın adının seçilməsi daha çox səciyyəvidir. Bu, serialların çox aktual olmadığı, amma insanların bədii filmləri daha çox izlədiyi 30-40, 50 il bundan əvvəlki dövrdə də mövcud olan bir ənənədir. Film, serial və tamaşa qəhrəmanlarının dəbə çevrilməsi və yaxud hansısa dram qəhrəmanının sevilən adının populyarlaşması müəyyən bir fəaliyyətlə bağlıdır. Buna görə də insanlar ad seçirlərsə, müəyyən bir seçimə bağlı olurlar. Hər bir halda düşünürəm ki, seriallara olan münasibət adlarla tamamlanırsa, demək, bu serialın təsir gücü böyükdür.
Əgər biz də istəyiriksə ki, mentalitetə bağlı olan milli adlarımız, Azərbaycan adları və ya xüsusi olaraq Azərbaycan cəmiyyətində pozitiv reaksiya doğuran adlar insanlara verilsin, bu istiqamətdə yazıçılıq sahəsini gücləndirməliyik. Azərbaycanın milli serialları da bu istiqamətdə obrazlar yaradarkən, rejissorlarımız, yerli sənətkarlar və qəhrəman obrazını yaradan gənclər bu məsələyə diqqət yetirməlidirlər. Məsələn, Babək adı Azərbaycanın milli adlarından biridir və çox geniş yayılıb. Eyni zamanda dini və mənəvi şəxslərin adları, məsələn, Əli, Məhəmməd və digər adlar da Azərbaycan İslam cəmiyyətinin bir hissəsi olduğu üçün geniş yayılıb. Burada düşünürəm ki, qeyri-adi bir şey yoxdur. Sadəcə həmin adın daşıdığı mənəvi yük və əhəmiyyətli məntiq olmalıdır. İnsanlar bu məsələlərdə azaddırlar, sonradan adlarını da dəyişə bilərlər. Milli adlara münasibət, məncə, dəyişməyib. Sadəcə olaraq insan özünü ifadə tərzi ilə bağlı nəyi görürsə, nəyə diqqət yetirirsə, nə daha çox populyardırsa, onu öz həyatında hiss etmək, görmək və hətta həmin ad qəhrəmana aid olsa belə, müsbət bir obrazdırsa, onun ailəsində bir obrazını canlandırmaq istəyir. Bunun da ən yaxşı yollarından biri yeni doğulan şəxslərə məşhur, tanınmış şəxslərin, qəhrəmanların adını verməkdir.
Bu başa düşüləndir. Amma bu tendensiyanın əsas səbəbi medianın insan həyatına geniş nüfuz etməsidir. Təbii ki, seriallar kütləvi şəkildə izlənilir və qəhrəmanların adları da kütləvi şəkildə Azərbaycan cəmiyyətində populyarlaşır.
Düşünürəm ki, bu tendensiyadan qorxmaq lazım deyil. Amma bunu düzgün tənzimləmək, istiqamətləndirmək və ad seçimində daha diqqətli, həssas və məqsədyönlü olmaq vacibdir".


