Dünya

İran yenə müharibəyə hazırlaşır?

İran yenə müharibəyə hazırlaşır?

İran Ali rəhbərinin ofisinin nümayəndəsi Mehdi Fəzaili bildirib ki, İran ordusu düşmən tərəfindən həyata keçirilə biləcək bütün ssenarilərə, o cümlədən uzunmüddətli tükəndirmə müharibəsi və ildırımsürətli əməliyyat ssenarilərinə hazırdır. Onun sözlərinə görə, Ali rəhbər Müctəba Xamenei də bütün bu ssenarilərlə bağlı müvafiq əmrlər verib.

Politoloq Züriyə Qarayeva Demokrat.az-a açıqlamasında bildirib ki, Mehdi Fəzailinin açıqlaması göstərir ki, Tehran mümkün yeni hərbi eskalasiyanı artıq yalnız qısamüddətli zərbələr mübadiləsi kimi deyil, müxtəlif müddət və intensivliyə malik ssenarilər üzrə nəzərdən keçirir:

İran yenə müharibəyə hazırlaşır?

"İran mənbələrində Fəzailinin həm uzunmüddətli tükəndirmə müharibəsinə, həm də "ildırımsürətli əməliyyat" variantına hazırlıqdan danışdığı təsdiqlənir. Bu ritorikanın əsas məqsədlərindən biri çəkindirmə mesajı verməkdir. Yəni ABŞ və ya İsrail yeni əməliyyata başlayacağı halda, Tehran cavabın yalnız lokal və məhdud olmayacağını göstərməyə çalışır. "Reuters"in məlumatına görə, İran daxilində mümkün yeni genişmiqyaslı hücuma əvvəlkindən daha sərt və daha geniş cavab variantları nəzərdən keçirilir".

Politoloq əlavə edib ki, digər tərəfdən, belə bəyanatlar İranın müharibə istədiyi nəticəsinə avtomatik gətirmir:

"Hərbi hazırlıq və sərt ritorika danışıqlarda mövqeyi gücləndirmək üçün çəkindirmə strategiyasının elementi də ola bilər. Tehran paralel olaraq vasitəçilər üzərindən ABŞ-la diplomatik kanalları açıq saxlamağa çalışır. Lakin tərəflər arasında nüvə proqramı, sanksiyalar və Hörmüz boğazı kimi məsələlər üzrə ciddi fikir ayrılıqları qalır. Buna görə Fəzailinin açıqlamasında diqqətçəkən məqam "müharibə başlayacaq" mesajından daha çox, İran rəhbərliyinin qısamüddətli zərbədən uzunmüddətli qarşıdurmaya qədər müxtəlif variantlara hazır olduğunu nümayiş etdirməsidir. Bu isə diplomatik razılaşma əldə edilmədiyi təqdirdə, regionda yanlış hesablamadan qaynaqlanan yeni eskalasiya riskinin yüksək olaraq qaldığına işarə edir".

FH
Fidan Hacızadə
Müxbir