Türkiyəli müğənni Mabel Matiz kimi tanınan Fatih Karaca və klip rejissoru Sinan Tuncay barəsində "Ha Leylim" mahnısının klipi ilə bağlı ittiham irəli sürülüb. Onların 6 aydan 3 ilədək müddətə azadlıqdan məhrum edilməsi tələb olunur.
Demokrat.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə "Ha Leylim" mahnısının klipi və mahnı sözlərinin birlikdə qiymətləndirildikdə "əxlaqsızlıq" cinayəti əlamətləri daşıdığı bildirilib.
İttihamnamədə qeyd olunub ki, klipin 3 dəqiqə 51-ci saniyəsindən etibarən açıq ərazidə çoxsaylı insanların olduğu məkanda iki kişinin görüntüsü yer alır. Ekspert rəyinə əsasən, onlardan birinin pencəyini çıxarmasından sonra iki kişi qarşılıqlı rəqs edib və rəqs zamanı müxtəlif təkrarlanan hərəkətlər nümayiş etdirib.
Prokurorluq görüntülərdəki rəqsin klipin əsas mövzusuna çevrildiyini, mahnının sözləri ilə vizual görüntülərin bir-birini tamamladığını və bunun cəmiyyətin ümumi əxlaq normaları baxımından qəbuledilən sərhədləri aşdığını qiymətləndirib.
Fatih Karaca ifadəsində mahnının söz, musiqi və prodüserliyinin ona məxsus olduğunu bildirib. O, klip hazırlanarkən rejissor Sinan Tuncayla birlikdə Trakya toylarını canlandırmaq istədiklərini və videonu özünün "YouTube" hesabından yayımladığını deyib.
İttihamnamədə həmçinin klipin "YouTube" və digər sosial media platformalarında açıq şəkildə yayımlandığı, uşaqların məzmuna çıxışının qarşısını alan məhdudiyyətin olmadığı vurğulanıb.
Prokurorluq Fatih Karaca və Sinan Tuncayın "ədəbsiz görüntü, yazı və ya sözləri mətbuat və yayım yolu ilə yayımlamaq və ya yayımlanmasına vasitəçilik etmək" ittihamı ilə 6 aydan 3 ilədək həbs cəzasına məhkum edilməsini tələb edib.
Jalə


